Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olub. Futbolinfo.az xəbər verir ki, məşqdən əvvəl yığmamızın baş məşqçisi Mirbağır İsayev mətbuat nümayəndələrinə açıqlama verib:
“İlk növbədə komandaya diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq. Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan, Ziya Əzizov zədəlidirlər. Deməzdim ki, bunlar komanda üçün ciddi itkidi. Ancaq oynasaydılar, böyük köməklikləri olardı. Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdı. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Dünən baş katib Elxan Məmmədov da komanda ilə görüşərək, hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldu".
İsayev rəqibləri ilə bağlı da danışıb: "Rəqiblərin oyunlarına baxıb, analiz etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdu. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdı ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidi. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik”.