Azərbaycan Kubokunun 1/4 final məhələsi geridə qaldı. Futbolinfo.az xəbər verir ki, Zaqatalada baş tutan "Simurq" – "Qəbələ" görüşü 0:0 hesabı ilə başa çatsa da, "sarı-qaralar" ilk oyunda 3 cavabsız top vurduğu üçün yarımfinala yüksəldi.
Qarşılaşmadan sonra Zaqatala təmsilçisinin düşərgəsində əsl bayram ab-havası hökm sürürdü. Bunu əsas komandanın üzvlərinin deyib-gülməsindən, sevinməsindən hiss etmək elə də çətin deyildi. Əsas komandanın uğuru "Simurq"un əvəzedici və 19 yaşlı futbolçularını da sevindirib. Belə ki, Zaqatalanın gənc futbolçuları matçdan sonra əsas komandanın yarımfinal sevincini ayaqyolunda siqaret çəkərək qeyd edəndə əməkdaşımız tərəfindən yaxalanıb. Zaqatalaya ezam olunmuş müxbirimiz hadisə yerinə dərhal klub rəsmilərindən birini dəvət edərək, siqaret çəkənin "Simurq"un əvəzedici komanda üzvü olduğunu dəqiqləşdirib. 
Biz üzərimizə düşəni edib, məsələ ilə bağlı klub rəsmisini məlumatlandırdıq. Hətta siqareti hansının çəkdiyini dəqiqliklə söylədik. Bundan sonra isə futbolçularla bağlı ölçü götürmək onların üzərinə düşən vəzifədi. Görünür, əvəzedici komananın öz yarışlarında ilk pillədə getməsi onları arxayınlaşdırıb. Buna görə dodaqları arasına "Sobranie" siqaretini qoymaqla, mövsümün sonunu səbrsizliklə gözləyirlər. Biz isə boşuna ölkə futbolunun gələcəyinə ümid bəsləyirik. Bunlar hələ əsas komandada oynamadan pis vərdişlərə yiyələnirsə, görəsən, böyüyəndə nə edəcəklər?
EMİN SƏFƏROV, Zaqatala
Shares: