Türkiyənin "Karşıyaka" klubunun idarəçiləri və Karşıyaka Bələdiyyəsi Məclis üzvləri Xocalı orta məktəbinin şagirdlərini ziyarət edib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanda yasayan iş adamı, "Karşıyaka"nın konqres üzvü Halil İbrahim Durur, klubun keçmiş sədri, Bələdiyyə Məclis üzvü Ahmet Dikerin səyi və Karşıyaka Bələdiyyə başçısı Hüseyn Mutlu Akpınarın təlimatı ilə Bakıya gələn məclis üzvləri Faruk Yıldırım və Yücel Çağatay uşaqlara komandadan istədikləri hədiyyə, forma və şərflər gətirib.
Böyük maraqla gözlədikləri şərfə və formaya qovuşan Xocalı orta məktəb şagirdləri "Biz Karşıyakalıyıq” yazılı plakatın qarşısında, şərfləri çiyinlərində, formaları əyinlərində klubun simvol marşını oxuyaraq, “KafKafKaf Sin SinSinKaf Sin Kaf Sin Kaf” – deyə məktəbin həyətini inlədib.
“İlk gündən bəri Karşıyakanı uşaqlarla idarə edəcəyimi bildirirəm. Uşaqlar bizim hər şeyimiz, gələcəyimizdi. Azərbaycan uşaqları da bizim uşaqlarımızdı, onların istədikləri hədiyyələri çatdırmağın xoşbəxtliyini yaşayıram" – deyən Akpınar tezliklə Xocalı uşaqlarını Karşıyakada qonaq etmək istəyini bildirib.
Veteran futbolçu, keçmiş hakim Çağatay təəssüratlarını bölüşərək, bu dəstəyin davam etdiriləcəyini qeyd edib: “Karşıyaka İzmirin ən köklü klublarından biridi. Eyni zamanda dünyanın hər yerində klubuna ürəkdən bağlı azarkeş kütləsi var. Dedilər Azərbaycanlı uşaqlar forma və şərf istəyib, biz də hazırlayıb, gətirdik. Getdiyimiz zaman oradakı uşaqların valideyinlərinin qətlə yetirildiyini öyrəndik. Onlar böyük həvəslə formanı geyinərək, klubun simvol marşını oxudular. Əminəm ki, iş adamlarımız, Karşıyaka azarkeşləri bunu diqqətlə izləyəcək və bu mövzuda daha hansı kömək etmək olar düşünəcəklər".
Faruk Yıldırım isə öz növbəsində iş adamlarına səslənib: "Mən xüsusilə azərbaycanlı iş adamları və hökümətindən oradakı uşaqlardan dünyaya bir futbolçu çıxarmalarını istəyirəm. O uşaqların gözlərindən futbol eşqi olduğu bəlli idi. Formanı geyindiyi zaman uşaqların həyətdə qaçması hələ də gözümün önündən getmir”.
“Buradan yaxşı bir futbolçu çıxacağından əminəm” – deyən Yıldırım bu uşaqlardan 3-5 nəfərin Karşıyaka Bələdiyyəsi olaraq burslu təhsilini təmin etmək üçün əlindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov da hazırda Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Karşıyaka"da çıxış edir.
SEVİNC XAN QIZI