Türkiyə mətbuatı "Boluspor"da çıxış edən millimizin futbolçusu Vaqif Cavadovu tənqid atəşinə tutub. Futbolinfo.az xəbər verir ki, qardaş ölkədən olan idman yazarı Təkin Aytuqar 26 yaşlı hücumçunun çıxışı ilə bağlı mənfi fikirlər səsləndirib. PTT 1-ci liqa təmsilçisinin ötən tur doğma meydandakı "Dənizlispor" məğlubiyyətinin (0:1) səbəblərini açmağa çalışan həmkarımız Cavadovu da sərt şəkildə qınayıb.
Aytuqar klubun yarıtmaz transfer siyasətinə də toxunub: "Bu günə qədər canlı izləmədiyim matçların heç birinə fikir bildirməmişəm. "Bucaspor"a verdiyimiz 1 xalın sonunda və baş məşqçi Reha Erginerin gəl-get etdiyi həftədə yazdığım yazının altında adı başqa, cismi başqa olan şəxslərin fikirlərini görəndə pis olmamaq əldə deyildi.
Yaxşı. Bu həftə nədən yazaq. Boluspor" çox yaxşı oynadı, "Boluspor" meydanın hər yerində vardı, oyun boyunca yüzlərlə qol imkanları yaratdıq. Baş məşqçimiz oyuna o qədər gözəl müdaxilə etdi ki, oyunçu dəyişikliyi o qədər yerində idi ki, meydança futbol oynamaq üçün əlverişli deyildi. Qış fasiləsində aldığımız oyunçular komandaya elə xeyir verdilər ki, bu futbolçuları "Boluspor"a gətirənlərə dərin minnətdarlığımı bildirirəm. Saytlarda "İnter"də oynadığını yazanlar Cavadovun əslində Milan deyil, Bakı "İnter"ində çıxış etdiyini nəzərdən qaçırıblar. Yaratdığı 3 qol fürsətindən ikisində əməyi olan Əmrə Kılıçı çıxarıb, əvəzinə "İnter"li Cavadovu meydana daxil edirsən, sonra da qol olacaq deyə gözləyirsən. Siz Allah, oyunda olduğu 27 dəqiqə ərzində "İnter"li Vaqifi meydançada görən oldumu? Onun üçün ilk dövrədə səfərdə "Dənizlispor" 3:0 məğlub etdiyimiz heyətdən indi 9 futbolçu qalıb. "İlk 11-lik"də kim düzgün işlər görüb, nəticə də ortadadı".
Qeyd edək ki, cari mövsümün əvvəlindən "Qaziantep BB"də olan və ümidləri doğrultmayan Vaqif qış vasiləsində digər PTT 1-ci Liqa təmsilçisi "Boluspor"a keçib.