“Neftçi”də vəziyyət onun formasının rəngindədi – ağ-qara. 4 aya yaxındı ki, maaş üzünə həsrət qalan futbolçuların qanı qaradısa, klub rəhbərliyinin də rəngi qorxudan ağarıb. Bu, kreslo qorxusu da ola bilər, mövsümü titulsuz başa vurmaq qorxusu da. Dəqiq olan odu ki, “Neftçi”də bir qorxu var.
Düzdü, maliyyə problemi olduğunu klub rəsmiləri təkzib edir. Ancaq onların bu durumu təsdiq edəcəkləri qədər səmimi olmadığını nəzərə alsaq, məsələdən təəccüblənməli deyilik. Uğursuzluqlar, maliyyə problemləri yayda “Neftçi”də islahatların aparılması ilə nəticələnəcək.
Əldə etdiyimiz məlumata görə, flaqman əksər legionerlərindən imtina edir. Siyahıda uzun müddətdi “ağ-qaralar”ın şərəfini qoruyan Saşa Stamenkoviçin adı birincidi. Maraqlıdı ki, braziliyalı Karlos Kardoso, paraqvaylı Erik Ramosla yanaşı, Flavinyo da gedənlər karvanına qoşulacaq. Denis Silva, Kaue Silva və Nikolas Kanales də özlərinə yeni klub tapmaq məcburiyyətində olacaq. Kamerunlu Ernest Nforun isə demək olar ki, kitabı çoxdan bağlanılıb. “Neftçi” rəhbərliyi yalnız Julius Vobayı saxlamaq niyyətindədi ki, syerra-leoneli legioner isə “ağ-qaralar”da çıxış etmək istəmir.
Shares: