Xatırlayırsınızmı, uşaq vaxtı dava edərkən sizin və ya qarşı tərəfin işlətdiyi “ə, sən get, böyüyün gəlsin” cümləsini? Bəlkə də çoxlarınızın dava-şava ilə aranız olmayıb, amma bu cümləni mütləq ki, birilərindən eşitmisiniz. Bax, belə bir müraciəti dünən “Bakcell Arena”da Xorvatiyanın 17 yaşadək futbolçuları azərbaycanlı həmyaşıdlarına ünvanladı.
Zavallı 17 yaşlılarımız nə yazıq ki, xorvatlar qarşısında susub qaldı. Hansı cavabı versinlər axı? Balacalarımız hansı üzlə desin ki, bizim böyüklərimiz 5 ay öncə sizin böyüklərin qarşısında “sınıb”.
Artıq dünən dəqiqləşdi ki, bundan sonra Robert Prosineçki istisna olmaqla, xorvatiyalıların qarşısında gözümüz kölgəli, dilimiz isə gödəkdi. Düzdü, nəvaxtsa Prosineçki də bizim yanımızda diligödək olacaq. Əsas millimizlə nəticə verməyəndə o da çaşıb qalacaq, plastilindən düzəldilmiş futbolçuların ölkəsinə gəldiyini anlayacaq. Anlayanda isə artıq gec olacaq.
Hələ ki, o, şirin röyalardadı – U-17-nin heyətinə cəlb olunan Anton Krivotsyukda hansısa potensialın olduğuna inanır. Deyəsən, cənab Prosineçki sözügedən futbolçunu izləyərkən 3D eynəyindən istifadə edib. Bəli, bəli, bu, dəqiqdi. Səbrsizliklə gözlədiyimiz Avropa Çempionatının elit-raund mərhələsi çərçivəsində Xorvatiya millisinə qarşı keçirdiyimiz oyunda biz həm Mirbağır İsayevin, həm də Prosineçkinin təriflədiyi Krivotsyukda böyük gələcək vəd edən perspektiv görmədik axı. “Malaqa” klubu ilə adı hallanan, daha doğrusu, reklam olunan, amma ispanların bəyənmədiyi üçün imtina etdiyi Qara Qarayev ötən gün harada idi? Təəssüf, təəssüf və yenə də təəssüf. Ümid bəslədiyimiz Qara da üzümüzü ağ etmədi. Halbuki, biz ondan adını daşıdığı ölməz bəstəkar kimi meydanda dirijorluq etməsini gözləyirdik. Bəlkə, biz yanılırq? Bəlkə, 9 milyon əhalisi olan ölkəyə həqiqətən də 3-cü tanınmış, futbolçu kimi 2-ci Qara Qarayev artıqdı?
Fikrimcə, dünən Xorvatiya millisinə qarşı qapımızı “qoruyan” Murad Popov da özünə başqa sənət tapsa, yaxşıdı. Onsuz da Azərbaycan qanunvericiliyi yaşı 15-dən çox olan şəxslərin işləməsinə icazə verir. Ruslan Bediyev də topla döyülən, çırpılan futbolçularımız arasında idi. Lütfən, cənablar, belə etməyin. Mirbağır müəllim, bizlər ürəyiyumşaq millətik. Biz göz görə-görə əcnəbilər tərəfindən uşaqlara qarşı şiddətin tətbiq edilməsinə qarşıyıq.
EMİN SƏFƏROV
Shares: