Ölkə futbolunda qəribə vəziyyət yaranıb. Maraqlıdı ki, bu durum yavaş-yavaş pik həddinə çatır. Hafiz Məmmədovun iflasından sonra acınacaqlı duruma düşən “Bakı”nın ardınca iddiasından imtina edən “Xəzər Lənkəran”, çoxdan ac-yalavac gəzən “Neftçi”, büdcəsini azaldan digər klublar, Premyer Liqanı axsaq qoyub gedən “Araz Naxçıvan” və s.
İndi bu klubların siyahısına daha ikisi əlavə olunacaq – onlardan biri isə hətta mövcudluğunu da itirə bilər. Söhbət “İnter”lə kiçik qardaşı “Simurq”dan gedir. Eyni mənbədən maliyyələşən klubların himayədarının istefasından sonra bu məsələ aktuallaşıb. Sanki futbolun inkişafına dair dövlət proqramının bitdiyi il futboldakı maliyyə bumunun da sonudu.
***
Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri postundan gedişi şok effekti Verdi. Təbii ki, onun səhhəti üzündən belə addımı atması barədə açıqlama ənənəvi ssenarinin təkrarıdı, əsl səbəb başqadı. Hamı üçün müəmma olsa da, Hacıyevin gedişi futbolla da bağlı deyil. Daha ciddi məsələnin onun belə qərar verməsinə səbəb olduğuna şübhə yoxdu. Amma bizi işin futbola aid hissəsi maraqlandırır.
“İnter”in rəsmi, “Simurq”un qeyri-rəsmi fəxri-prezidenti və sahibi olan Cahangir bəyin gedişindən sonra onu müvəqqəti olaraq, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev əvəz edəcək. Amma Mustafayevin, ümumiyyətlə, bankın klublarla bağlı siyasəti, ümumiyyətlə, futbola dəstək baxımından siyasəti əvvəlki kimi olmayacaq. Aldığımız ilkin xəbərlər belə deməyə əsas verir.
***
Martın 18-də “Bakı” ilə Premyer Liqa oyunundan sonra “Simurq” futbolçuları Beynəlxalq Banka üz tutub. Çünki rəhbərlik onların məhz həmin gün fevral ayının maaşını alacaqları ilə bağlı vəd veribmiş. Amma Zaqatala klubunun üzvləri təqribən bir saat gözlədikdən sonra əliboş yola salınıblar. Onlara veriləcək pulun olmadığı deyilib. Eyni zamanda futbolçu və məşqçi heyətinə bildirilib ki, ödəmələrin bundan sonra necə aparılacağı ilə bağlı bu gün onlara məlumat veriləcək.
Bu gün isə “Simurq”un dağılmasına səbəb olacaq qərar açıqlana bilər. Həm futbola sevgisi olduğu, həm də qarşısında müəyyən tapşırıqlar, tələblər olduğu üçün top oyununa vəsait yatıran Hacıyevin gedişindən sonra vəziyyət dəyişməlidi. Beynəlxalq Bank xüsusilə əlavə yük olan Zaqatala klubundan imtina edəcək. Ya indi, ya da mövsüm bitən kimi “Simurq”dan imtina ediləcəyi gözlənilir.
“İnter”də də vəziyyət yaxşı deyil. İndiyədək maliyyə çətinliklərindən yan qaçan paytaxt təmsilçisində də maddi sıxıntılar baş qaldırıb. Futbolçular fevral ayının maaşını tam ala bilməyib – onlara 50 faiz ödəmə edilib, pulun qalanını martın sonunda ala biləcəkləri çatdırılıb.
***
İndi vəziyyət elə Hacıyevin istefası kimi müəmmalıdı. Beynəlxalq Bank “İnter”dən asanlıqla imtina edə bilməz. Çünki ortada xüsusilə əcnəbilərlə olan müqavilələr, öhdəliklər var. Bundan başqa, “İnter Arena”dan, klub infrastrukturundan imtina heç himayədarlara da sərf etməz. Ona görə də bu klubla bağlı siyasətin kəskin dəyişməyəcəyi, zamanla önəmli qərarlar veriləcəyi gözlənilir. “Simurq” isə ögey övlad kimidi və onu buraxmaq çox asandı. Yəqin ki, Zaqatala klubunun gənc və özündənrazı prezidenti Anar Bəkirov özünə “krışa” axtarmalı olacaq. Belə himayədarı indiki durumda tapmaq çətin olduğundan yəqin ki, “Simurq”un iflsı haqda xəbər eşidəcəyik.
İstər “Bakı”, istər “Xəzər Lənkəran”, istərsə də “İnter” nümunəsi göstərir ki, futbol təsərrüfatımız bir qərarla tar-mar olacaq səviyyədədi. “Karvan”, “Şəmkir”, “MKT-Araz” nümunələri kimi, bu klublar da bir adamın qərarından, asılı imiş. Klubları İdarə Heyətlərinin deyil, bir nəfərin idarə etməsi, komandaların hansısa biznesmendən asılı olmasının nəticəsi məhz belə olmalıydı. Klub ola bilməmək, idarəçilik sisteminin yoxluğu, təsisləşməmək hamının gələcəyinin belə olacağını deməyə əsas verir.
FATEH