Topaz Premyer Liqasının 26-cı turu “Qarabağ”ın çempionluğa yeganə namizəd olduğunu bir daha sübut etdi. Ağılla qurulan strategiyanın nəticəsidi ki, ağdamlılar rəqiblərə fərq qoymadan xal ehtiyatını artırır və rəqiblərinin büdrəməsi ilə zirvədə möhkəmlənir.
“Qarabağ” “Sumqayıt”la oyuna da ciddi yanaşırdı. Mövsümün startındakı texniki məğlubiyyəti də unutmayan ağdamlıların baş məşqçisi Qurban Qurbanov hətta zədədən yeni qayıdan Reynaldonu da döyüşə atmışdı. Düzdü, hesabı meydan sahibləri açdı, amma məhz braziliyalının dublu sensasiyaya əngəl oldu. Xatırlatdığımız matçla müqayisədə bu dəfə limit də pozulmamışdı və lider əsas izləyicisi ilə xal fərqini 9-a çatdırdı.
“Simurq” “Bakı”nı çox asanlıqla yendi. Avrokuboklara vəsiqə üçün oynayan zaqatalalılar 3-cü dəqiqədə hesabı açdı. Bundan sonra sensasiya ümidləri puça çaxan meydan sahibləri fasilə ərəfəsində hakimin də sərt qərarı üzündən hər şeydən əlini üzdü.
AZAL “Xəzər Lənkəran” qarşısına favorit kimi çıxdı və məhz belə olduğunu qələbə ilə sübut etdi. Baxmayaraq ki, heyət baxımından “təyyarəçilər” heç də üstün deyil. Sadəcə, Tərlan Əhmədov əlindəki kasad heyətdən maksimum istifadə etdiyi halda qonaq futbolçular mövsümü yola verməklə məşğuldu.
Cənublular hər nə qədər heyətin gəncləşdirilməsi ilə bağlı nağıl danışsa da, reallıq başqa şeylərdən xəbər verir. Elşən Rzazadə, Nurxan Mənsimzadə, İlyas Səfərzadəni nəzərə almasaq, XL çempionluğa oynayan heyətin üzvlərinə güvənmişdi. Heyətdəki legionerlər və təcrübəli yerli oyunçular bacarığından maksimum istifadə etsəydi, hələ daha 3 gəncin də əvəzinə oynamaq olardı. Təkcə Rahid Əmirquliyevlə Adrian Skarlatakenin maaşı az qala bakılıların aylıq əməkhaqqısına bərabərdi. Ona görə də səbəbi komandanın özündə axtarmaq lazımdı: cənub klubu belə aqibətə layiq deyil.
AZAL-ın qələbəsinə də kölgə salmaq olmaz. Futbolçular ciddi motivasiya olmasa da, oyunlara həvəslə çıxır və lazımi nəticə üçün döyüşürlər. Dünən onların rəqibindən fərqi də bu idi və fədakarlıq nəticədə əksini tapdı.
Turun mərkəzi oyunu günə damğasını vurdu. “İnter” – “Qəbələ” görüşü meydan sahibləri üçün zirvə şansını qaçırmamaq üçün önəmli idisə, qonaqlar avrokubok ümidlərini dəfn etməmək haqda düşünürdü.
Qonaqlar daha yaxşı oynadı, layiqli qələbə qazandı və iki “qardaş”ı birdən çətin vəziyyətə saldı. Axı, Avropa Liqasına vəsiqə verən 4-cü yerə həm də “Simurq” iddialıdı və böyük “qardaş” uduzmayacağı halda zaqatalalılar “Qəbələ”ni ötəcəkdi.
Oyuna kifayət qədər yaxşı başlayan, hətta tiri də silkələyən qonaqlar ilk yarıda hesabı da açdı. Ani diqqətsizlik matçın sonlarına yaxın “Qəbələ”nin qol buraxması ilə nəticələnsə də, Roman Qriqorçukun yetirmələri son saniyələrdə 3 xalı təmin edə bildi. Amma…
…Amma qəti şəkildə demək olar ki, hər iki məşqçi, xüsusilə də Kaxaber Sxadadze heyəti düzgün qurmamışdı. Gürcü çalışdırıcı oğlu Baçanaya güvənməklə Franko Nildonu ehtiyatda saxlamış, eyni zamanda formada olmayan Əfran İsmayılova şans vermişdi. Halbuki bərabərlik qolunu Əfranı əvəzləyən Asif Məmmədovla Nildo təşkil etdi. Qrirorçuka gəlincə, özünün gətirdiyi Qayla Fominə güvənməsi doğru deyildi. Düzdü, Qay hesabı açmaqla hardasa tənqidlərin yarısından canını qurtardı, amma Fomin sadəcə, faciə idi. Qriqorçuk ondansa hansısa gəncə üstünlük verə, meydanda hamıdan yaxşı olan Elvin Camalov kimi bir istedad qazana bilərdi.
İstənilən halda qaliblər mühakimə olunmur. Və ardıcıl qələbələr seriyası da Qriqorçukun kreslosunu möhkəmlətdi. Bəlkə əlində lazımi qədər ehtiyat qüvvə olsaydı, o da Fominlə Qaydan imtina edərdi. Belə futbolçularla çempionatın ilk 2 pilləsində qərarlaşan komandaları səfərdə yenmək əcnəbi çalışdırıcının dilini uzun edən amillərdi. Yəqin ki, yayda heyətə daha diqqətlə əl gəzdirilsə, Qriqorçuk ölkəmizə gəlmiş ən uğurlu məşqçilərdən biri olacaq.
AĞA