Futbol üzrə əsas millimiz martın 28-də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığmasını qəbul edəcək. Yığmamızın baş məşqçisi Robert Prosineçki matça 10 gün qalmış maltalılarla oyun üçün heyəti açıqlayıb.
Maraqlıdı ki, xorvatiyalı çalışdırıcı “Neftçi”dən heç kimə dəvət göndərməyib. Onun bu seçimini hardasa haqlı hesab etmək olar. Nəzərə alaq ki, flaqmanda stabil çıxış edən yerli futbolçular barmaqla sayıla biləcək qədərdi. Yalnız Məqsəd İsayev əsas heyətdə mütamadi olaraq çıxış edir. Amma Mahir Şükürov qala-qala müdafiənin sağ cinahını gənc İsayevə tapşırmaq bir qədər ağılsızlıq olardı. Rəqib bir o qədər güclü olmasa da, Prosineçkinin rəsmi debüt matçında qələbə qazanmaq istəyini başa düşmək olar. Əvvəllər milliyə dəvət olunan Elvin Yunuszadənin “Neftçi”nin əsas heyətində yerini itirməsi, Araz Abdullayevin qeyri-sabit çıxışı, Raul Əliyevin varlığı ilə yoxluğu arasında heç bir fərqin olmaması onlara dəvətnamənin göndərilməməsi ilə nəticələndi.
Buna görə xorvatiyalı mütəxəssisin düzgün addım atdığını söyləmək olar. Görünür, Mirhüseyn Seyidovun da çıxışı 46 yaşlı çalışdırıcını qane etməyib. Amma “Neftçi”də əsas heyət qapıçına çevrilən Aqil Məmmədova şans verilməməsi bir qədər müəmmalıdı. Düzdü, Kamran Ağayev və Səlahət Ağayev qala-qala Aqilin Malta millisinə qarşı əsas heyətdə meydana çıxacağı inandırıcı deyil. Aqili 3-cü qapıçı kimi milliyə dəvət edib, Məmmədovun öz üzərində bir qədər də işləməsi üçün məsuliyyətini artırmaq olardı. Görünür, kef məclislərindən geri qalmayan Andrey Popoviçin “day-dayı” daha güclü imiş.
“Qarabağ”ın hazırda Premyer Liqada at oynatdığını nəzərə alsaq, milliyə dəvət olunan Qurban Qurbanovun yetirmələrini müzakirə etmək mənasız olardı. Nəzərə alaq ki, Ağdam təmsilçisindən dəvət olunmuş 7 futbolçudan 5-i – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Vüqar Nadirov və Qara Qarayev seçməmizin əsas heyət üzvlərindəndi. Namiq Ələsgərov və Cavid Tağıyevin isə ehtiyyat qüvvə kimi çağırılması istisna deyil.
“Qəbələ” və “İnter”dən dəvət olunanlar da öz komandalarında ən çox meydanda çıxış edən futbolçulardı. Son vaxtlar çıxışı ilə göz oxşayan Elvin Camalovun əsas yox, U-21-ə dəvət olunması isə ən çox gənclərin çalışdırıcısı Yaşar Vahabzadənin işinə yarayacaq. Bu yöndə Vahabzadənin Prosineçkindən xahiş etdiyi də istisna deyil. Düzdü, Ruslan Qurbanov da perspektivli futbolçulardandı. Ancaq Qurbanov “Hayduk”da hələ rəsmi çempionat matçına çıxmayıb. Forvard yalnız 1 dəfə (2-ci hissə) kubok oyununda forma geyinib. Onun oyun praktikasından əziyyət çəkdiyini də bildirmək yerinə düşərdi.
Ümumiyyətlə, Prosineçkinin seçimi heç də obyektiv deyil. Çünki, o, bir müddət öncə milliyə ancaq daim oynayan futbolçuları çağıracağını demişdi. Amma o, “Boluspor”da çıxış edən və son 7 matçda cəmi 53 dəqiqə meydanda olan Vaqif Cavadovu yığmaya dəvət etməklə özünü ifşa etmiş oldu. Əgər Vaqif kimi oynayamayanlar çağrılacaqdısa, deməli, “Neftçi”də çıxış edən bütün yerli oyunçulara dəvət göndərilməliydi.
EMİN SƏFƏROV
Shares: