Fransa millisinin sabiq üzvlərindən Patrik Vieyra "Bavariya"nın əvəzedici komandasını çalışdıracaq. Futbolinfo.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Belə ki, Almaniya klubunun rəhbərliyi Erik ten Haqın müqavilə müddəti bitdikdən sonra – mövsümün sonunda komandanı Vieyraya etibar edəcək. 38 yaşlı fransalı fevral ayında klubun infrastrukturu ilə tanış olmaq üçün Münhenə səfər edib.
Qeyd edək ki, Vieyra hazırda "Mançester Siti"nin gənclərdən ibarət komandasını çalışdırır. Ümumiyyətlə, o, Fransa millisi ilə 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu titulunu qazanıb.
Maraq üçün onu da əlavə edək ki, "Qəbələ"nin hazırkı futbol direktoru Toni Adams "qırmızı-qaralar"da baş məşqçisi olarkən Vyeranı ölkəmizə gətirmək istəyib. Adams vaxtilə İngiltərə “Arsenal”ında çiyin-çiyinə oynadığı fransalını komandasında görmək istəyib. Vieyraya “Qəbələ”də Adamsın köməkçisi postu təklif edilib. Lakin veteran futbolçu bu təklifi qəbul etməyib. Hətta bu barədə İngiltərə mətbuatı da yazmışdı.