Futbol üzrə U-15 millimizin baş məşqçisi Aslan Kərimovun bu postdakı işi dayandırılıb. Futbolinfo.az xəbər verir ki, bundan sonra həmin vəzifəni yığmamızın sabiq kapitanı icra etməyəcək.
Əldə etdiyimiz məlumata görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov belə istəyib. O, heç bir əsas olmadan Kərimovdan narazı qaldığını, fəaliyyətinin hiss olunmadığını sabiq müdafiəçinin diqqətinə çatdırıb. Daha sonra Məmmədov gənc çalışdırıcıya "sən PRO kursunda da çalışırsan, vaxt çatdıra bilmirsən" deyib. Görünür, assosiasiyanın baş katibi belə bəhanə ilə öz kadrını Kərimovun postuna yerləşdirmək istəyir.
Məsələni dəqiqləşdirmək üçün Aslan Kərimovla əlaqə saxladıq. O, hazırda U-15-də çalışmadığını rəsmən təsdiqləmiş oldu: "U-15-lə bağlı hələ ki, mart ayına qədər gözləyirik. Dəyişikliklər ola bilər. Çünki iki millimiz elit-raundda iştirak edir. Özüm də PRO kateqoriyası üzrə oxuyuram deyə bir balaca fasilə yaranır. Nələrin baş verəcəyini dəqiq bilmirəm. Ona görə də hamımız gözləyirik. Hələ konkret nəsə deyilməyib. Deyiblər ki, ola bilsin, dəyişiklər baş versin. Hazırda U-15-lə çalışmıram. Pro lisenziyası üzrə oxuyuram, üstəlik C lisenziyası üzrə instruktor kimi çalışıram. Fasilə etmək hardasa mənə də sərf edir. 15 yaşadək futbolçulara elit məşqçilər qrupu nəzarət edir. Millinin məşqçisi mən, ya da başqası olsa, uşaqlar haqda məlumat verəcəklər".
Kərimov təsdiqləmək istəməsə də, təkzib etməməsindən anladıq ki, onunla baş katib arasında ciddi fikir ayrılığı, qalmaqal olub. Məmmədovu kəsdiyi başa görə sorğu-suala tutan olmadığından indidən deyə bilərik ki, millilərin qapıları ən azı baş katib fırıldaqlarının üstü açılıb, qovulana kimi Kərimovun üzünə bağlı olacaq.