Topaz Premyer Liqasının 26-cı turunda “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 4-cü çempionat qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, 3 xalın qazanılmasında oyunda hesabı açan Aleksey Qayın da rolu böyük olub. “Qırmızı-qaralar”ın heyətində ilk qolunu vuran ukraynalı yarımmüdafiəçi qarşılaşma ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb: 
“İnter”lə oyun haqda danışarkən onu qeyd edim ki, qələbə elə həmişə qələbədi. Bu görüşdəki 3 xal həm də çox vacib idi. Səfər matçında həm sərgilədiyimiz oyun, həm də nəticədən razı qaldıq. Qarşıdakı matçlarda da belə oyun nümayiş etdirib, daha yaxşı çıxış etməliyik. 
O, rəqibdən üstün tərəflərini də izah edib: “İnter”i nədə üstələdik? İki qol vurmaqda… Bu qarşılaşmada çox yaxşı təşkil olunmuş komanda şəklində oynadıq. Hər kəs nə etdiyini, buraxılacaq səhvin mümkün nəticəsini dərk edir, məsuliyyətini tam başa düşürdü. Xarakter nümayiş etdirib, son dəqiqələrdəki qolla 3 xalı qazandıq. Hər futbolçu kimi, mən də bütün oyunlara qol vurmaq istəyi ilə çıxıram. Qol hesabımı açmağım da bu oyunda gerçəkləşdi. Görünür, qismət belə imiş”.
Qay ardıcıl qələbələrdən sonra avrokubok şanslarını dəyərləndirməyə tələsmədiyini bildirib. Ukraynalı ilk növbədə rəqibləri məğlubiyyətə uğratmaqda davam etməli olduqlarını qeyd edib: “Avrokuboklar şansı haqda danışmaq istəmirəm. Şans həmişə var, hətta şanssız göründüyü vaxtda da. Hər oyuna ayrı-ayrılıqda köklənib, qələbə üçün meydana çıxmalıyıq. Qələbələri sıraladıqdan sonra turnir cədvəlinə arxayın baxıb, avrokubok mövzusuna toxunmaq olar. Düşünürəm ki, oyundan oyuna daha da təkmilləşməliyik. Bir futbolçu kimi də daha mükəmməl oyun göstərmək üçün çalışmalıyıq”.
Shares: