Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin binasında iclas keçirildi. Toplantıda “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz Abdullayev seçildi. Bundan əlavə, yeni yaradılan Şuranın üzvləri də təsdiqləndi.
“Neftçi”nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Sadıq Sadıqov bundan sonra Müşahidə Şurasının üzvləri sırasında yer alacaq. Onunla yanaşı, Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov və Cəbrayıl Məmmədov da həmin şurada olacaq. Digər üzv Çingiz Abdullayev isə Şuraya rəhbərlik edəcək.
Şurada yer alan Mübariz Zeynalovla Səməd Qurbanovun klubun veteran kimi burada qərarlaşması başadüşüləndi. Yəqin ki, Bəhram Bağırzadə tanınan sima, eyni zamanda fəal azarkeş olduğu üçün seçilib. Sadıq Sadıqovun sabiq prezident olduğu üçün “7-lik”də qərar tutması aydındı. Çingiz Abdullayevin də hətta şuranın rəhəri olacağı çoxdan bəlli idi. Zaur Qəhrəmanov və Cəbrayıl Məmmədova gəlincə, əslində, məhz onlar əsas idarəedicilər olacaq. Komandanın hamisi olan SOCAR-ın nümayəndələri bir çox məsələlərdə əsas söz sahibi olacaq.
Komandanın aksiyalarının satılacağını deyən Rövnəq Abdullayev bildirib ki, klub idarəçiliyi ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşları var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Artıq hər klub öz bölgəsinin klubu olacaq, orda hamı cavabdeh olacaq. Məncə, bu daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinn giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza dəstəyi olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.
Çingiz Abdullayevin ilk açıqlamalarından görünür ki, iddialıdı. Onun Olimpiya stadionunu "Neftçi" üçün istəməsi belə deməyə əsas verir. Amma deyəsən, artıq futbol təsərrüfatında onu nə gözlədiyini də elə ilk iclasdaca başa düşüb: “Dedilər ki, əvvəlcə indiki stadionu doldurun. Hamı gəlməlidi ki, böyük stadion dolsun. Fakt mən yazıçıyam. Bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacam. Əgər növbəti seçkidə məni ismətəsələr, burda qalmayacam”.
İstənilən halda yazıçı, hazırcavab oğlan, fəal olmayan veteranlar – bütün bunlar klubu rahat idarə etmək üçün seçilib. Onların “Neftçi”yə əzəmət gətirəcəyinə inanmıram, təki yanılım. Heç “Neftçi”nin belə dəyişməsinin digər klublara nümunə olacağını da güman etmirəm. Azərbaycanda bu, mümkün deyil.
AĞA