Dövlət Neft Şirkətinin binasında baş tutan bugünkü iclasda seçilmiş jurnalistlər var idi. “Neftçi”nin Müşahidə Şurasının tərkibinin təsdiqləndiyi tədbirə yalnız telekanallar, bəzi qəzet və saytların əməkdaşları dəvət olunmuşdu.
Həmkarlarımızla işimiz yox, bacarana can qurban, amma onlar da bizdən inciməsin, haqqımızı tələb etmək zorundayıq. Nəyə görə o tədbirdə Azərbaycan futbolu üçün həqiqətən nökərçilik edən jurnalistlər gözə dəymədi?
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin telefonu həmişə klubda əcaib şeylər baş verəndə susur, zəng çatmır. Çünki bu adam orada məhv edilmiş fiqurdu, kimisə tənqid etmək, vurmaq lazım olanda ortaya atılır, tədbirə dəvətli jurnalistlər seçiləndə onun fikri heç kimə lazım olmur. Axı o kimdi ki? Yalnız mədhiyyə demək və kimləri isə şərləmək üçün lazım olan “piyada”.
Bu siyahını kim hazırlayıb? Hamı hədəf kimi “Neftçi”ni göstərə bilər. Amma siyahıya diqqət yetirdikdə aydın olur ki, AFFA-nın baş katibi Elxan Məmmədovu qamçılayanlar, onun cinayətlərini açıb-ağardanlar kənarda qalıb. Siyahı da onun sifarişidi. O siyahıda Elçin Cəlilov, Əli Sahib, Rəşad Ergün, Natiq Muxtarlı, Emin Abbasov, Kənan Məstəliyev, Amal Abuşov və başqa həqiqi qələm əhli ola bilməzdi. Axı, onlar Çingiz Abdullayevə, Bəhram Bağırzadəyə sıradan sual verməyəcəkdi, birbaşa, amma mədəni şəkildə “burada nə itiniz azıb” deyəcəkdilər. Bu isə Elxan Məmmədova lazım deyil, onun işğal planının üzə çıxması demək olacaqdı.
Qapı arxasında qalanlar arasında futbolinfo.az-ın da əməkdaşı vardı. Bütün günü çempionat matçlarında olan, hər həftə rayonlara səfər edən, yığmanın oyunlarını işıqlandırmaq üçün qrup halında stadiona tələsən futbolinfo.az-ın. Belə də olmalıydı, çünki biz baş katibə çəpik çalan deyilik, barmağımızı gözə soxanıq. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu baş katibin diqtəsi ilə hazırlayıb “Neftçi”yə təsdiq üçün siyahı göndərəndə bunları nəzərə alır.
Artıq bıçaq sümüyə dirəndi. AFFA, “Neftçi” işə, bacarığa, obyektivliyə qiymət vermədisə, ayrı-seçkiliyə əl atdısa, cavabı eyni olacaq. Qoy Abbaszadə, Nərimanoğlu çıxıb, əksər media nümayəndələrinin kənarda qalmasına, adlarının siyahıya salınmamasına izahat versin, səbəb göstərsin. Göstərə bilməsələr, biz göstərəcəyik.
VÜSAL MAHMUDOV