Bernard Lippertin istefasından sonra 21 yaşadək futbolçulardan ibarət millimizə daha güclü məşqçinin təyin olunacağı gözlənilsə də, Yaşar Vahabzadənin bu posta əyləşməsi təəccüblə qarşılandı. Təəccüblər də əbəs yerə deyildi. Uzun müddətdi müxtəlif yaş qruplarında çalışan Vahabzanin hər hansı işi nəzərə çarpmamışdı axı.
Məsələ burasındadı ki, bu sahədə heç də hər dəfə bacarıq əsas rol oynamır. Arxanda adamın varsa, sənin üçün hər yerdə yaşıl işıqdı. Yaşar bəyə də dəstək olan bir nömrəli adam AFFA-nın baş katibi Elxan Məmmədovdu.
Təəssüflər olsun ki, Elxan bəyin etimad göstərdiyi, superistedad kimi təqdim etdiyi məşqçilər özün doğrultmur. U-17-nin baş məşqçisi Mirbağır İsayevin istefa verməsi, U-19-un çalışdırıcıs Nikolay Adamın Hindistana qaçması heç də təsadüfi olmamalıdı. Yaxın gələcəkdə Yaşar Vahabzadəni də bu aqibət gözləyir. Çox güman ki, yayda Yaşar bəy də postunu tərk edəcək. Uğursuzluq, özünü sübut edə bilməmək bunun əsas səbəbi olsa da, onun futbolçularla davranışı da normal deyil.
Milliyə cəlb olunanlar Vahabzadə ilə zarafatlaşır, çöl-bayırda eşitdikləri müxtəlif ssenarili lətifələri də ona danışmaqdan çəkinmirlər. Vahabzadə həm də əsəbi çalışdırıcıdı. Əldə etdiyimiz məlumata görə, yoxlama matçı çərçivəsində Şüvəlanda baş tutan AZAL – U-21 matçında 0:3 hesablı darmadağına üzülən millimizin baş məşqçisi bunun acığını "Neftçi" futbolçusu Samir Məsimovdan çıxıb. Belə ki, əsəbi halda soyunub-geyinmə otağına daxil olan Vahabzadə "Bu nə futboldu oynayırsız" deyərək, elə bu vaxt kofe içən Məsimovun bardağına təpik vurub. Nəticədə kofe Məsimovun üzərinə dağılıb. "Qarabağ"la Biləcəridə baş tutan növbəti yoxlama matçında isə Samir Vahabzadədən əvəz çıxıb. Ağdam klubu ilə görüşdə qol vuran gənc yarımmüdafiəçi barmağı ilə Yaşar bəyə işarə göstərərək sanki bir növ "mənim bacarığım yetərincədi" demək istəyib.
Bu vəziyyətdən sonra adam şükür etməsin, nə etsin? Yaxşı ki, Elxan Məmmədovun kadrlarının əlində sehrli çubuğu yoxdu. Əks halda bəyənmədiklərini qurbağa, bəyəndiklərini isə… Yox əşi, bəyəndikləri yoxdu. Özlərindən başqa kimi bəyənirlər ki?
EMİN SƏFƏROV