AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11, U-12, U-13 Liqalarının reqlamentində gözlənilmədən dəyişiklik olub. Futbolinfo.az xəbər verir ki, dəyişiklik təkcə sözügedən yarışların final mərhələsinə aid edilib. 
Buna qədər final mərhələsində 16 komanda qrup sistemi ilə qarşılaşır, hər qrupda 4 komanda olmaq şərti ilə eyni sayda qrupa bölünürdüsə, bu dəfə fərqli olacaq. Belə ki, bu dəfə final mərhələsi olimpiya sistemi üzrə keçiriləcək.
Görəsən, uşaq futbolun təbliği və kütləviliyi, balacaların ustalığının artırılması və eyni zamanda yeniyetmə futbolçuların klublarda hazırlanması və yığmalara cəlb olunması üçün təşkil olunan yarışda birdən-birə niyə bu cür reqlament dəyişikliyinə ehtiyac duyulub? Azyaşlı futbolçuların olimpiya sistemi üzrə oynaması onlara heç nə qazandırmayacaq axı. 
Suala cavab tapmaq üçün AFFA ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu bunun səbəbini belə izah etdi: “Bu, müvəqqətidi. Gələn ildən yarışlar əvvəlki qaydada keçiriləcək. Bildiyiniz kimi, Avropa Oyunlarına görə bütün təhsil müəssələrində tədris ilinin  müddəti ilə dəyişikliklər edilib. Tədris prosesinin və imtahanların vaxtı irəli çəkildiyindən bu sistem tətbiq edilib”.
Mikayıl bəyin açıqlaması hardasa başadüşüləndi.  Maraqlıdı, bunun başqa çıxış yolu var idimi? Görəsən, necə etmək olardı ki, nə şiş yanardı, nə də kabab?
Uşaq futboluna töhvə verməyə davam edən “Qəbələ” Futbol Akademiyasının rəhbərliyinin daha cəlbedici və sərfəli təklifi var. Akademiyasının direktor müavini Nail Kərimov hətta bu məsələ ilə bağlı öz təkliflərini məktub şəkilində AFFA-ya göndərdiklərini bildirdi: 
“Əvvəlki reqlamenti saxlamaq şərti ilə final mərhələsini 4 gün ərzində də keçirmək mümkün idi. Nəzərə alaq ki, bu yarışlarda iştirak edənlərin yaşı azdı. Oyunlardan sonra onların bərpa prosesinə elə də çox vaxt lazım deyil. Səhər 1, günorta da 1 oyun oynaya bilərlər. Buna görə də 8 yox, 4 gün ərzində daha çox oyun təşkil etmək olardı. Bu, bütün komandalar üçün faydalı idi. Nəzərə alaq ki, Gəncə və ya Akstafadan gələn komanda ilk oyunda məğlub olub, geri qayıdırlar. Halbuki, onlar üçün yaxşı olardı ki, Bakıya gəlib, 3 oyun keçirsinlər. Təcrübə qazanmış olardılar. Bu, bizim üçün də keçərlidi. Çünki ciddi vəsait xərclənilir. Hansı komanda finala vəsiqə qazanırsa, ona qədər sərf olunan məbləğə biz beynəlxalq turnirdə iştirak edə bilərik. Məsələ təkcə maliyyə məsələsi deyil. Uşaqların məktəb məsələsi də var. Bu yaş qrupunda olan futbolçular dərslərini  yaxşı oxuyurlar. Bu barədə bizim də tələbimiz var. Belə olan həfta yarış 8 gün çəkdiyi halda uşaqlar xeyli dərs buraxmış olurlar. Əgər 4 gün ərzində final mərhələsini yerləşdirə bilsəydilər, daha yaxşı olardı. Misal üçün, yarışları 4-cü, 5-ci, şənbə və bazar günləri keçirsəydilər, uşaqlar cəmi 2 gün dərs buraxacaqdılar. 4 yaş qrupumuz final mərhələsinə vəsiqəni təmin edib. Digər yaş qruplarımız da liqalarda mübarizəni davam etdir. Biz 3 həkimi, 3 inzibatçını, 2 avtobusu bu qədər komandaya bölüşdürməyi bacarmalıyıq. Təbii ki, bu da bizə çətinlik yaradır. Akademiya rəhbəri Stenli Brard da bu barədə fərqli düşünmür. O da deyir ki, olimpiya sistemi olanda futbolçular ancaq qələbəyə köklənirlər. Qrup mərhələsi olsa, daha çox oyundan zövq almağı öyrənərlər. Ancaq 3 oyun keçirsəydilər, həm qələbəni, həm nəticəni, həm də futboldan zövq almağı eyni anda yaşamış olacaqdılar. Bu haqda o, AFFA-dakı iclasda da fikrini bildirib. Biz də başa düşürük ki, Avropa Oyunları ərəfəsində bu planları cızmaq çox çətindi. Ancaq biz klub olaraq təklifi məktub şəkilində assosiasiyaya göndərmişik. Bu sözləri deməklə kimdəsə səhv tutmaq, görülən işi qaralamağa çalışmırıq. Bu qədər yarışlar keçirilir, işlər görülür. Bunun özü də böyük nəticədi. Amma bunun daha yaxşı yolu varsa, niyə də o yoldan getməyək? Bakı klubları nəzərə alındığı qədər əyalət təmsilçiləri də nəzərə alınmalıdı”. 
Digər əyalət təmsilçisi “Simurq”un rəsmisi ilə də əlaqə saxladıq. Zaqatala klubunun meneceri Kamran İsmayılov məsələyə belə münasibət bildirdi: “Belə reqlament dünya futbolu praktikasında var. Burda problemli bir şey yoxdu. Sadəcə, yarış gedə-gedə reqlamenti dəyişmək yaxşı olmazdı. İstənilən reqlament əvvəlcə müzakirə, sonra da qəbul olunur. Fikrimcə, reqlament dəyişikliyinin böyük təsiri olmayacağını düşünürəm. Dövrəli sistemdə oyunların sayı artır. Bu, sözsüz ki, uşaq futbolu üçün daha xeyirli olardı. Ancaq bu sistemdə də oynamaq mümkündü”.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp