Topaz Premyer Liqasının 31-ci turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında qonaq komandanın futbolçuları meydana plakatla çıxdılar. Orada 25 aprel Dünya Kitab Günü ilə əlaqədar olaraq “Kitabsız yaşamayaq” , “Oxu günü” sözləri yazılmışdı. Bununla əlaqədar gözəl təşəbbüsün səbəbkarlarından olan “Qəbələ”nin media və marketinq rəhbəri Səməd Nəsibovla danışdıq.
– “Xəzər Lənkəran”la oyunda açılan plakatın ideya müəllifi kimdi? Birbaşa təşəbbüs kimdən gəldi?
– Əsas komandanın meneceri Səbuhi Səfiyarlı ilə mənim ideyam olsa da, bu komandanın adından atılan bir addımdı.
– Bunun üçün təqribən nə qədər xərciniz çıxdı?
– Plakat 10 kvadrat metrdi. Bir kvadratmetr 10 manata başa gəlir. Deməli, ümumilikdə 60 manat xərcimiz çıxdı.
– Bu günlə əlaqədar tədbirləriniz sırf bu plakatla başa çatdı, yoxsa siz bununla bağlı klubda işlər aparırsınız?
– Əsas komandada futbolçuların hamısı yetişkin insanlardı. Biz onlara “kitab oxu” deyə bilmərik. Ancaq uşaq komandalarımızda, akademiyada 2 tərbiyəçi və 2 müəllim daim bu işlərlə məşğul olur. Onlar uşaqların asudə vaxtlarını düzgün keçirmələri və dünyagörüşlərinin artırılması üçün silsilə tədbirlər keçirirlər.
– Uşaqlar əsasən kimin kitablarını oxuyurlar?
– Konkret kiminsə kitabının adını çəkə bilmərəm. Əsasən Azərbaycan tarixi və ədəbiyyatını oxuyurlar.
– Sizcə, açdığınız plakatdan sonra daha neçə nəfər kitab oxuyacaq?
– Ümid edirəm ki, hamı oxuyacaq. Ancaq statistikanı dəqiq deyə bilmərəm.
– Yəqin ki, siz də etiraf edərsiniz ki, futbolçularmız mütaliə cəhətdən zəifdirlər…
– Mətbuatda aparılan sorğulara baxdıqdan sonra belə düşünürəm ki, bəli, futbolçularımız bu cəhətdən axsayırlar.
– Sizcə, ölkədə ən çox kitab oxuyan komanda hansıdı?
– Buna dəqiq cavab verə bilmərəm, amma bəzi futbolçuların mütaliə etdikləri efirdə danışığından seçilir.
– Məsələn, “Qəbələ”də ən çox mütaliə edən futbolçu kimdi?
– Akademiyada oxuyanlar çoxdu, əsas komandada isə Ruslan Abışov bu mənada seçilir.
– Necə düşünürsünüz, bizim futbolçular “Quran”ı daha çox oxuyurlar, ya bədii ədəbiyyatı?
– Bu çox təxribatçı sual oldu. Fikrimcə, dini kitablar daha çox oxunur.
– Əgər Kitab Günündə “Xəzər Lənkəran”la deyil, “Neftçi” ilə qarşılaşsaydız və həmin plakatla bakılıların rəhbəri olan yazıçı Çingiz Abdullayevin qarşısına çıxsaydınız, bunu təxribat hesab etmək olardımı?
– Biz burda heç kimi hədəfə almamışdıq. Biz bu addımı dəstəkləyirik və alqışlayırıq.
– Bəs olmazdımı ki, rəhbəri yazıçı olan “Neftçi” də eyni addımı atsın?
– Biz istərdik ki, təkcə ”Neftçi” yox, həmin tur keçirilən bütün oyunlarda bu addım atılsın.
– Növbəti aksiya nə ilə bağlı olacaq?
– Mayın 28-də Respubilka günü ilə üst-üstə düşən oynumuz var. Həmin günlə bağlı bir aksiya keçirmək fikrimiz var. Bu qədərini deyə bilərəm ki, bayrağa aid aksiya olacaq.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp