Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionun 25-ci turu çərçivəsində baş tutan “Rəvan” – “Neftçala” matçını qonaqlar 3:1 hesablı qələbə ilə başa vursa da, oyundan sonra onların baş rol aldığı xoşagəlməz olaylar əyalət təmsilçisinin qələbəsinə kölgə saldı. Bu barədə oxucularımıza ətrfalı məlumat vermiş, Bayılda baş tutan oyunun gedişində və sonrasında “Neftçala” rəhbərliyinin özünü necə apardığını diqqətinizə çatdırmışdıq.
Məsələ burasındadı ki, divizion lideri baş vermiş olayları dolayı yolla boynundan atır. Sanki, futbolinfo.az-ın əməkdaşları neftçalalılara böhtan atır. Klubun vitse-prezidenti Etibar Hüseynovun aprelin 24-də baş tutan oyundan sonra cərəyan edən hadisələrlə bağlı ölkə mətbuatına verdiyi açıqlama isə olduqca gülməldi.
20 ildi namaz qıldığını söyləyən Hüseynov içki içməkdə qəbahət görmədiyini bildirib. Düzdü, klub rəhbərliyinin və ya şəxsi qonaqların içki içməsində biz də qəbahət görmürük. Bu, onların şəxsi işidi. Ancaq spirtli içkini qədərində qəbul etmədikdə onun hansı fəsadları üzə çıxaracağının da çox gözəl fərqindəyik. Necə ki, biz bunu “Neftçala” rəsmilərinin timsalında gördük. Gəlin, belə düşünək, dostlar.
Uzun illərdi medianın içindəsiz və yazılanları təqib edirsiz. Hansı klub rəhbəri və ya himayədarı rəqibi məğlub etdikdən sonra açıqlamasında udduqları komandanı küçümsəyib? İllər öncə də çempionatımızada 7:0, 8:0, hətta 10:0-lıq qələbələr qeydə alınanda darmadağın edən komandadan oyuna belə şərh gələrdi: “Böyük hesabla qalib gəlsək də, rəqib təslim olmaq istəmirdi”.
Təbii ki, bu, etika xatirinə və rəqibə hörmət naminə oyuna verilmiş şərh idi. Ancaq biz “Neftçala”nın himayədarı Toğrul Seyidovdan “Rəvan” üzərində 3:1 hesablı qələbə qazanacağınızı gözləyirdinizmi” sualının cavabında “mən 6:1-lik qələbə gözləyirdim” eşitdikdə artıq məsələnin nə yerdə olduğundan xəbərdar olmuşduq. Onun səs yazısı hələ də diktafondadı. Diktofon da maşallah, sanki yol polisinin içkili sürücünü “hoh” etməyə məcbur edən cihaza bənzəyir. Viskinin bülbül kimi cəh-cəh vurdurduğu bu şəxsin yanında dayananda adam sərxoş olurdu.
Etibar bəy daha sonra hüquqşunas olduğunu ictimaiyyətin diqqətinə çatdırır. Allah adamısan, cənab Hüseynov, görmədiyinə görə niyə babal yuyursan? Siz əminsiz ki, “Neftçala” rəhbərliyindən kimsə futbolinfo.az-ın əməkdaşlarına rüşvət təklif etməyib? 20 ildi namaz əhli olan bəy, bunları axirətə saxlayaqmı? Yoxsa klub prezidenti Famil Səfiyev kimi, gecə kimlərinsə vasitəsi ilə bizim əməkdaşları söhbətə, “razborka”ya çağırmağınızımı işıqlandıraq?
“Alnım Allah yanında açıqdı, bəndə məni maraqlandırmır” deyə dünyaya car çəkən Etibar bəy iddia edir ki, oyun başa çatandan sonra onlar kiməsə güldən ağır söz deməyib. Siz hüquqşunas kimi kiməsə hədə-qorxu gəlməyin, rüşvət təklif etməyin cinayət olduğunu bilirsinizmi? Biz bunları çox yaxşı bilirik. Sadəcə, “ayıq piyanla oynamaz-oynamaz” deyiminə bir qədər riayət etdik ki, qanqarıçılq olmasın. Onsuz da, həmin rüşvəti biz geri çevirəndə cavabımız sizin üçün sillədən də ağır olmuşdu.
Sonda Etibar bəyin diqqətinə çatdırmaq istərdik ki, İslamda böhtan böyük günahlardan hesab olunur. Bu, “Qurani-Kərim”də də öz əksini tapıb: “Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır".
Əsrin 1/5-i qədər özünü namaza adayan Etibar bəy, sizin hələ Premyer Liqaya çıxıb-çıxmayacığınız bəlli deyil. Bilmirəm, oyunların birində üz-üzə gələcəyik, yoxsa yox. Amma hardasa mütləq görüşəcəyik. Misal üçün, axirətdə…
EMİN SƏFƏROV
P.S.: “Neftçala” rəhbərliyi üçün desert olsun deyə döymək istədikləri azarkeşin şəklini manşetə qoyuruq. Üzr istəməsələr, gic-gic açıqlamalarına son qoymasalar, həmin azarkeşi vurmaq istəyən qoçunun da, Seyidovun bizə rüşvət göndərdiyi işçisinin də fotosunu təqdim etməli olacağıq. İndiyə qədər bunu etika xatirinə etməmişdik, amma deyəsən, etməli olacağıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp