“Sumqayıt”ı yaradan, “Neftçi”ni ələ keçirən, “Bakı”nı da öz xeyri üçün “blokada”da saxlayan Elxan Məmmədov daha bir klubu monopoliyasına qatmaq üzrədi. Klubların çətin vəziyyətə düşməsini özü üçün fursət bilən AFFA-nın baş katibi indi də “Simurq”a əl qoyub.
Hazırda Zaqatala klubunda vəziyyət gərgindi. Mövsümdə heç bir iddiası qalmayan qərb klubu maddi baxımdan ciddi sıxıntı içərisindədi. Beynəlxal Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin istefasından sonra “dumana düşən” “Simurq”da qəpiyə güllə atırlar. Zaqatala klubunun oyunçuları məşqə və oyunlara həvəssiz çıxırlar və bu da özünü nəticələrdə göstərir. 3 aydı maaşların verilmədiyi deyilən klubda hamı möcüzə gözləyir.
Hacıyevin ianələrindən əli üzülən klub prezidenti Anar Bəkirov da çıxılmaz vəziyyətdədi. Beynəlxalq Bankdan ona deyilib ki, fevral ayından sonra heç kimə ödəniş edilməyəcək. Bu səbəbdən o, futbolçu və məşqçi heyətindən nəsə tələb edə bilmir.
Hazırda “Simurq”un ümumiyyətlə, dağılmaq ehtimalı var. Amma bazası, stadionu, infrastrukturu, yaxşı uşaq komandalarının olması, əvəzedicilərin çempionatında məhz zaqatalalıların liderlik etməsi həm klub, həm də AFFA rəhbərliyini ümumi məxrəcə gəlməyə məcbur edir. Zaqatalada futbola yaxşı azarkeş dəstəyinin də olmasını nəzərə alaraq rəsmilər komandanın yaşaması üçün tədbir görmək istəyirlər.
Amma iş ondadı ki, Bəkirov bunun üçün klubu AFFA-nın baş katibinin himayəsinə verməlidi. Anar bəyin postunda qalıb-qalmaması isə artıq Elxan Məmmədovun istəyindən asılı olacaq. O, kluba sponsor tapacağı halda “Simurq” ümumiyyətlə, yenilərin ixtiyarına veriləcək. Yox, komandaya AFFA yardım edərsə, o zaman Bəkirov Məmmədovun işçisi kimi postunda qalacaq. Bütün bunlara isə mayın ilk günlərində aydınlıq gələcək. Çünki məhz həmn vaxt AFFA-nın baş katibi “Simurq”un prezidentini sövdələşməyə çağırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp