Ölkədə yaranan iqdisadi böhran demək olar ki, Premyer Liqada çıxış edən bütün klublarımıza mənfi təsir göstərib. Buna görə də elita təmsilçilərində maaşların gecikməsi adi hala çevrilib.
İş elə həddə çatıb ki, hətta gələcəyi sual altında olan komandalar da var. “İnter”lə “Simurq”un ardından indi də növbə başqa bir paytaxt komandasına çatıb.
Əldə etdiyimiz məlumata görə, cari mövsümü əliboş başa vurmağa hazırlaşan AZAL-dan da bu problem yan keçməyib. Artıq 3 aya yaxındı ki, Şüvəlan təmsilçilərinin üzvləri maaş üzünə həsrət qalıb. “Təyyarəçilər”in uğursuz oyunlarında da bunun rolu var. Çünki futbolçular maaş bir yana, arabir qazandıqlara xala görə ayrılan mükafatlara da həsrətdilər. Hər dəfə onlara pul əvəzinə bolluca vəd verilir.
Klub rəhbərliyinin gələn mövsüm üçün hədəfləri də kiçilib. Himayədarlar artıq mənasız yerə pul xərcləməkdən bezib. Onlar xərclənən pulun qarşılığında komandanın turnir cədvəlinin sonlarında sürünməsindən narazıdılar. Elə son aylarda maaşların gecikməsinin əsas səbəbi də budur.
Himayədarlar idarəçilərdən hesabat istəyir, onlar isə məsuliyyəti futbolçu və məşqçi heyətinin üstünə atır. Hətta vitse-prezident Fikrət Hüseynov məsuliyyətdən qaçmaq üçün baş məşqçi Tərlan Əhmədovu istefaya göndərmək istəyib. Amma sonda bütün qara planlar mövsümün sonuna saxlanılıb. Yayda klublara vəd olunan maliyyə yardımı təklifi reallığa çevrilməsə, AZAL-ın ya dağılmasını, ya da gənclərə güvənən sıradan komanda olmasını görəcəyik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp