Keçi can hayında, qəssab piy axtarır. Lətifəsi “Simurq”dan və futbolçularından uzaq olsun, amma bu atalar məsələsi zaqatalalılara çox uyğun gəlir. Çünki başı oyunçularının maliyyə problemlərinə, klubun yaşam mücadiləsinə qarışdığı bir vaxtda indi də sabiq futbolçularından biri onlara qarşı iddi qaldırıb.
“Simurq”un dağılma təhlükəsi ilə üz-üzə qalmasından xəbərdarsınız. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, klubun gizli himayədarı Cahagir Hacıyevin durumu pisləşəndən sonra Zaqatala klubunun da başı üzərində əcəl zəngi çalınır.
Artıq 4 aydı ki, maaş almayan futbolçular yalan vədlərdən beziblər. Komandanın növbəti mövsüm üçün də aqibəti hələlik bəlli deyil. Heyətdə olan legionerlərin də pullarını almayacaqları təqdirdə FİFA-ya şikayət edəcəkləri ilə bağlı açıqlamaları yəqin ki, klub rəhbərliyini təşvişə salıb.
Stepan Polyak və Pavel Kapsa artıq narazılıqlarını mətbuata verdikləri açıqlamalarında bildiriblər. Amma “Simurq”un problemləri bununla bitmir. Vaxtilə komandada oynamış və Azərbaycan millisinin də sabiq üzvü olan Usim Nduka artıq klubdan FİFA-ya şikayət edib. O, sabiq klubundan ona veriləcək məbləği tələb edir.
2013-cü ildə Türkiyədə çıxış etdikdən sonra 2014-cü ildə Zaqatala klubuna gələn müdafiəçi burda möhkəmlənə bilmədi. Əslində isə onun komandadan ayrılmasına səbəb zədələnməsi oldu. Ağır zədə alan müdafiəçi müalicə almaq üçün Türkiyəyə üz tutdu. Klub onun müalicəsinin pulunu ödəyəcəyini bildirsə də, bunu etmir. Nduka öz hesabına qardaş ölkədə müalicə alıb və geri dönüb. “Simurq”un baş məşqçisi George Çıxradze isə artıq onu komandada görmək istəmədiyini bildirib və heyətdən kənarlaşdırıb. Lakin nə ödənilməli olan təzminat, nə də ki, əməliyyatının pulu futbolçuya ödənilməyib. Bir neçə dəfə müraciət etsə də, ona cavab verən olmayıb. Nəticədə Usim Nduka vəkilinə FİFA-ya şikayət etməsini tapşırıb. 
Sözügedən məsələ ilə bağlı saytımıza danışan futbolçu bunları dilə gətirdi: “Hazırda klubsuzam. Yayda hər hansı komandaya keçə bilərəm. “Simurq”dan şikayət etdiyim isə doğrudu. Bu klub mənimlə müqaviləni pozdu və hələ onların heyətində olarkən zədələndiyim üçün keçirdiyim əməliyyatın xərcini ödəmədi. Ona görə də FİFA-ya müraciət etmişəm və haqqımı tələb edirəm”.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp