“İnter”in yarımmüdafiəçisi Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi:
 
“Simurq”la matça hazırlığınız necə gedir? Ümumiyyətlə, komandanın düşərgəsində ab-hava necədi?
– Zaqatalaya yola düşməyə hazırlaşırıq. Bizi çətin oyun gözləyir. Əyalət təmsilçisi “İnter” üçün hər zaman çətin rəqib olub. Hələ ki, oyuna qədər vaxtımız var. Matça yaxşı hazırlaşıb, səfərdən 3 xalla qayıtmağı düşünürük. 
– Ola bilərmi ki, çempionluğun taleyi bu turda bəlli olsun? Nəzərə alaq ki, “İnter” məğlub olsa, “Qarabağ” da qalib gəlsə, ağdamlılar artıq çempionluğu rəsmən təmin etmiş olacaq…
– Nə bilim, vallah. Tam olmasa da, demək olar ki, “Qarabağ” çempionluğu rəsmiləşdirib. Hazırda 2-ci yer uğrunda mübarizə aparmaq haqda fikirləşirik. Stabil oyun nümayiş etdirməklə maksimum nəticəni qazanmağı düşünürük. 
– Qış təlim-məşq toplanışı  zamanı yayda komandadan ayrıla biləcəyinizi bildirmişdiz. Yenə eyni fikirdəsiz? 
– Düzü, indi o haqda fikirləşməyə vaxt yoxdu. 3-4 gündən bir oyundu. Çempionatın qızğın vaxtıdı. “İnter”də yüngülvari problemlər ola bilər. İnanıram ki, bu da tezliklə aradan qalxacaq. Bilirsiz ki, ikinci pillənin sahibi Avropa Liqasına vəsiqə qazanır. Bu da həm futbolçu, həm də klub üçün böyük prestijdi. İlk növbədə bunu fikirləşəcəm. Əgər olmasa, başqa varinatlar haqda da düşünəcəm. 
– Yəni, komdanın maddi durumu düzəlsə,”İnter”də qalmaq şansınız artacaq?
– Maddi durumla bağlı hər şey qaydasındadı. Allaha şükür ki, heç bir problem yoxdu. Maaşlarda 5-10 gün gecikmə ola bilər. Bizə  rəhbərlikdən bildirdilər ki, hər şey tezliklə qaydasına düşəcək. 
– “Bakı”ya transfer olduz komanda ciddi maliyyə problemləri ilə üz-üzə qaldı, ordan ayrıldız. Daha sonra “Xəzər Lənkəran”da oxşar durumla qarşılaşdız. İndi də “İnter”də eyni problem hiss olunmaqdadı. Bu, sizin qismətinizə yazılıb, yoxsa klub rəhbərləri düzgün idarəetmə sistemi qura bilməyiblər?
– Burda qeyri-adi heç nə yoxdu. “Xəzər Lənkəran” yayda yenidən təzə komanda formalaşdırmağa başlayacaq. Yaxşı heyətdən biri də cənub təmsilçisində olacaq. Bunu nəyləsə bağlamaq düzgün olmazdı. Bu cür hadisələr hər yerdə olur. Əsas odu ki, başını aşağı salıb, futbolunu oynayasan. Qarşıdakı 1 il ərzində futbolumuza yeni nəfəs gələcəyinə inanıram. Maaşlarda azalmanın olması başadüşüləndi.
– Ölkə kubokunun yarımfinalında “Neftçi”ni mübarizədən kənarlaşdırmaq şanınız olsa da, bunu bacara bilmədiz. Halbuki, cavab oyunu sizin üstünlüyünüz şəraitində keçmişdi. Mərhələ adlamaq üçün “İnter”də nə çatmadı?  
– Kubokda artıq mübarizəni dayandırmışıq. Buna görə də, artıq bu barədə danışmaq istəməzdim. “Neftçi”ni rahat keçə bilərdik. Sadəcə, 1 qol bizi çox geri saldı. Nə qədər çalışsaq da, finala vəsiqə qazana bilmərik. Buna baxmayaraq, heç də məyus olmuruq. Əsas odu ki, avrokuboklara vəsiqə qazanaq.  
– Millimiz iyun ayında Serbiya ilə yoxlama matçı oynamaqla yanaşı, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq. Norveçdən sərfəli nəticə ilə qayıtmaq üçün nəyə ehtiyacımız var?
– İnanıram ki, millimizin baş məşqçisi Robert Prosineçki mənə də dəvət göndərəcək. Çünki özü də bildirib ki, oynayan futbolçulara üstünlük verəcək. İlk növbədə ilk oyun haqda fikirləşməliyik. Norveç yığması atletik futbola üstünlük verir. Yeni komanda, yeni baş məşqçi ilə Malta millisi üzərində qələbə qazanmışıq. Buna görə də motivasiyamız yüksəkdi. Bundan istifadə edib səfərdən sərfəli nəticə ilə qayıtmalıyıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, hər futbolçu meydanda ürəyini qoysa, səfərdən sərfəli nəticə ilə qayıtmağımız mümkündü. 
EMİN SƏFƏROV
Shares: