Elnur Məmmədov danışa bilirmiş. Sakit, ehtiyatlı, suyu üfürə-üfürə içməyi xoşlayan bu cavan oğlan lazım gələndə sözünü demək bacarığına sahib imiş.
Düzdü, “Neftçi”nin icraçı direktoru nədənsə futbolinfo.az-a müsahibə verməyə cəsarət etmir, hər dəfə bir bəhanə tapıb, gizlənir. Amma son vaxtlar ölkə mətbuatında tez-tez görünür və özünümüdafiə üçün hər şey edir, üstəlik, AFFA-nın baş katibi Elxan Məmmədova da, onun təşkil etdiyi qondarma Müşahidə Şurasına da qalxan ola bilir.
Elnur bəy son müsahibələrində bütün suallara cavabında “fırlatma manevri” edib və qarşıdakı çərşənbə gününə kimi vaxt istəyib. Çünki məhz birisi gün “Neftçi”nin yeni strukturu üçün ştat cədvəli hazır olacaq, orada isə dəyişikliklərin necə aparıldığı müəyyənləşəcək. Ola bilsin, Elnur bəy üçün ideoloji rəhbəri Elxan Məmmədovun kadrlarını bu siyahıya salandan sonra artıq mətbuatın tənqidlərinin də mənası olmayacaq.
İcraçı direktorun “Futbol+” qəzetinə son müsahibəsində səsləndirdiyi bir fikrini dəstəkləyirəm. Bəli, onu sancmaq istəyənlərin ironiyalarına cavab olaraq dediyi “Çay paylayan olsaydım, bunu etiraf etməkdən yalnız qürur duyardım. Ofisiant işləmək nə vaxtdan qəbahət sayılıb ki?” sözləri doğrudu. Ona qalsa, hamının keçmişində gələcək karyeranı qurmaq üçün “gözləmə mərhələsi”ndə belə şeylər olur. Belə baxanda hamımız nə vaxtsa ilk cib xərcliyimizi belə şeylərdən çıxarmışıq. Tələbə vaxtı alver edənimiz də olub, fəhlə işləyənimiz də, qarovul çəkənimiz də.
Sadəcə, Elnur bəyi gözdən salmaq istəyənlər “Neftçi”də işləyərkən necə köntöy davranırdısa, indi də elə savadsızdılar: nə ittihamları məntiqlidi, nə iradlarında bir əsas var.
Bu atmacanı kim atmışdı? Vaqif Musayev! Bəs, “Neftçi”nin Təhlükəsizlik Departamentinin sabiq rəhbərinin bunu deməyə nə qədər haqqı var?
İşdən çıxarıldığı üçün onun ərizəsini qəbul edən adamlardan şikayətlənməsi başadüşüləndi. Amma xüsusilə Vaqif bəy danışmamalıdı. Çünki “Neftçi”dəki inqilabi dəyişikliklərin bir səbəbkarı da odu axı. Sabiq prezident Sadıq Sadıqovun vurulmasına səbəb olan qoçu dəstəsi məhz onun sayəsində meydan sulayırdı. “Xəzər Lənkəran”la ölkə kubokunun qalmaqallı final matçındakı "qəhrəmanlığ"ına görə aldığı 12 oyunluq cəza hələ də bitməyib. “Qəbələ”nin məşqçisini döyən də bu adam olub. İndi Vaqif bəyin təmizlikdən, düzgünlükdən danışmağı adama qəribə gəlir. Onun bu antireklamı “Neftçi”yə yiyələnən qrup üçün reklamdan başqa bir şey deyil, bumeranq kimi zərbə özlərinə qayıdır.
Musayevin müsahibəsi məğlub olmasını həzm edə bilməyən Sadıq Sadıqovun ətrafının ilk atəşi idi. Yəqin ki, indiki rəhbərlik haqda yenə bu tipli müsahibələrlə, açıqlamalarla tanış olacağıq. Elnur Əşrəfoğlu müşavir kimi bir neçə ay aldığı maaşın qarşılığını verməlidi axı. Ancaq onlar yaxşı olardı ki, danışarkən arxaya boylansınlar, qoyduqların izə diqqət etsinlər. Elnur Məmmədovu qoçuları və ya Sadıqovun qohumlarını yola salmağına görə qınamayın, o zaman özünüz gülünc duruma düşərsiz. Ya qoluzorluluqla, ya da fəaliyyətsizliklə yadda qalanların “Neftçi”dən qovulması çoxdan reallaşmalı idi.
Elnur Məmmədovun icraçı kimi ortaya atıldığı qrupu ifşa etmək istəyirsizsə, daha tutarlı faktlarla gündəmə gəlin. Məsələn, dəqiqləşdirin görün Sadıq Sadıqovun oğlunun, qohumlarının postlarında bundan sonra kimlər çalışacaq? Həmin siyahıda Elxan Məmmədovun kadrlarını dəqiqləşdirin, bundan danışın.
Sizə bir ipucu da verim: Deyilənə görə, FİFA meneceri Kamil Məmmədov “Neftçi”də vəzifə alacaq. Hətta qeyri-rəsmi vəzifə olsa da, bunu açıb-ağartmaq lazımdı. Çünki Berti Foqts kimi “paz”ı ölkəmizə gətirən bu şəxsdi. “Sumqayıt”ın sələfi olan “Standard” da onun rəhbəri olduğu AMMK-nın bazasında formalaşıb. Kəsəi, bu adam baş katib üçün iş görən, Elxan Məmmədovun sayəsində “elit layihələr”i reallaşdıran şəxsdi. Onun “Neftçi”də görünməsi isə Elxan bəyin faizlərinin artması demək olacaq.
Elxan Məmmədovu, Müşahidə Şurasını və ümumiyyətlə, bütün bu dəyişikliklərin icraçısı olan Elnur Məmmədovu tənqid etmək üçün kifayət qədər nüans var, sadəcə, ağıllı olmaq lazımdı. Əşrəfoğlu yaxşı taktik, yaxşı strateq olsaydı, Sadıqov devrilməzdi. Tahir Süleymanovla məsləhətləşin, çünki artıq danışmağa başlayan Elnur Məmmədovu yalnız onun sayəsində yenidən susmağa, gizlənməyə vadar edə bilərsiz.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp