“Sumqayıt”ın yayda yola salacağı ilk futbolçunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bir neçə gündü məşqlərə qatılmayan Andrey Popoviç hətta mövsüm başa çatmamış klubdan qovula bilər.
 
Buna səbəb millimizin qapıçısının yenidən içkiyə qurşanması və icazəsiz məşqlərə qatılmamasıdı. Günlərdi içkili olduğu üçün sözün həqiqi mənasında ayıla bilməyən oyunçudan xəbər-ətər yox idi.
 
Nəhayət, bu gün bazaya gələn 23 yaşlı futbolçu məşqə qatılmaq istəsə də, onun bu arzusu reallaşmayıb. Çünki baş məşqçi Aqil Məmmədov buna icazə verməyib. Sabah qolkiperlə rəhbərlik arasında görüş olacaq. Məhz həmin görüşdən sonra Popoviçin komandada qalıb-qalmayacağı müəyyənləşəcək.
 
Məlumatı “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov da təsdiqləyib: “Bəli, Popoviç neçə gün idi məşqlərə qatılmırdı. Bu gün bazaya gəlsə də, məşq etməyib. Baş məşqçi Aqil Məmmədov ona deyib ki, sabaha qədər gözlə, görüş keçirilsin, sonra baxarıq. Sabah onunla bu barədə söhbətimiz olacaq və hər şeyə aydınlıq gələcək”.
 
Popoviç artıq 2-ci dəfədi ki, içki qalmaqalının iştirakçısı olur. Qapıçı Berti Foqtsun Azərbaycan millisində baş məşqçi olduğu vaxtda Dubay toplanışı zamanı içki içdiyi halda yaxalanmışdı. Həmin vaxt o, yığmanın digər oyunçuları ilə birlikdə olmuşdu.
 
Qeyd edək ki, Robert Prosineçki milli komandamızın “sükanı arxasına” keçdikdən sonra həm Antalya toplanışına, həm də Malta ilə seçmə mərhələ oyununa Andrey Popoviçi dəvət edib. Qolkiper təlim-məşq toplanışı çərçivəsində Donetsk “Şaxtyor”u ilə yoxlama görüşündə 45 dəqiqə meydançada olub.
(apasport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp