Sona 4 tur qalmış Avropa Liqasına vəsiqəni təmin edən “Qəbələ”də artıq növbəti mövsümün hazırlıqlarına start verilib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dönəmində ən çox transferə ehtiyac duyacaq klublardan olacaq.
Bunu saytımıza açıqlamasında “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov da təsdiqləyib: “Növbəti mövsümün hazırlıqlarına fevral ayından etibarən başlamışıq. Sözsüz ki, əsas məsələ heyətlə bağlıdı. Heyəti həm əcnəbi, həm də yerli futbolçularla gücləndirəcəyik. Hazırda komandadan gedəcək futbolçuların məsələsi müzakir olunur. Məsələ aydınlaşandan sonra neçə futbolçu transfer edəcəyimiz bəlli olacaq. İndidən komandan ayrılacaq futbolçuların kimliyi bilinmir. Hazırda komandaya cəlb olunacaq futbolçular izlənilir. Supertransfer olmasa da, “Qəbələ”dən yaxşı transfer gözləmək olar. Bizim üçün əsas olan baş məşqçinin fikridi”.
Aprelin 16-da “Qəbələ”nin Andrey Popoviçi transfer edəcəyini diqqətinizə çatdırmışdıq. Çox keçmədi ki, xəbərimiz öz təsdiqini utapdı. İndi Popoviçin “Qəbələ” ilə müqavilə imzalaması an məsələsidi. Görəsən, milliləşdirilmiş futbolçunun əyləncəyə meyilli olması, son günlərdə mətbuatda Andreyin içki düşkünü olduğuna dair xəbərlərin dolaşması “Qəbələ” rəsmilərini narahat etmir? Zaur bəy məsələyə fərqli reaksiya bildirdi: “Popoviçin məsələsinə tam aydınlıq gəlməyib. Bir neçə gün gözləmək lazımdı. Əyləncəyə meyilli olan futbolçudu deyəndə ki, onun xarakterinə aç-çox biz də bələdik. Bu barədə məşqçiyə də məlumat vermişik. Hazırda mətbuatda Popoviç elə qələmə verilir. Düzü, bu da inandırıcı deyil. Bəlkə də burda başqa məqsəd axtarmaq lazımdı. Hər halda qərar verən baş məşqçi bu məqamları da nəzərə alacaq”.
Maraqlıdı, “Qəbələ” başqa kimləri transfer etmək istəyir? Deyilənə görə, əyalət təmsilçisi “Simurq”un iki futbolçusu – Samir Zərgərov və Rəşad Eyyubova da göz dikib. Əzizov suala cavabında Roman Qriqorçukdan yekun siyahını gözlədiklərini dedi: “Transfer siyahımızda millimizin üzvləri var. Məşqçi bütün yerli futbolçuları izləyir. Bizim klubdan Rəşad Eyyubovla əlaqə saxlayan olmayıb. Amma bu, o demək deyil ki, Rəşad bizdə oynamaq gücündən uzaqdı. Biz məşqçidən yekun siyahı gözləyirik. Biz məşqçidən transfer siyahısını almadan heç bir futbolçu ilə danışıqlar apara bilmərik”.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp