Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Kayserispor"un və millimizin qapıçısı Kamran Ağayevin futbolinfo.az saytına müsahibəsi:
– “Kayserispor” Superliqaya vəsiqəni təmin etdi. Sizcə, komanda orda necə mübarizə aparacaq?
– Bizim komanda birinci diviziona onsuz da, Superliqadan gəlmişdi. Ona görə də əsas çempionatda mübarizə aparmaq elə də çətin olmayacaq. İnanıram ki, komanda öz gücünü Superliqada göstərə biləcək və yuxarı yerlər üçün mübarizə aparacaq. 
– Kamran Ağayev bu komanda ilə Superliqada oynaya biləcəkmi?
– İlk növbədə mənim müqaviləm başa çatır. Ona görə də hələ heç nə deyə bilmərəm. Bizim işimiz futbol oynamaq, qapımızı qorumaqdı. Qalan işlərlə mencerim məşğul olur. Ola bilər ki, növbəti mövsüm “Kayserispor”da deyil, başqa komandada çıxış edim. Hələ ki, mövsümün sonunu gözləyirəm.  Menecerim hansı komanda ilə razılığa gəlsə, orda oynayacam.
– Daha iddialı klubda çıxış etmək istəyirsiz?
– Hər kəs iddialı komandada olmaq istəyər. Amma mən bu suala cavab vermək istəmirəm. Çünki menecerim bu işləri həll edir. Mən məşq edib, hazırlaşıram.
– Özünüz “Kayserispor”da qalmaq istəyirsiz?
– Bu suala cavab vermək üçün hələ tezdi. Bizim çempionluq üçün 1 oyunda qələbə qazanmağa ehtiyac var. Hazırda zədəliyəm komandama kömək edə bilməsəm də, onların çempion olacağını düşünürəm. İnanıram ki, növbəti matçdan qalib ayrılıb, birinci yeri tutacağıq. Ən böyük arzularımdan biri çempion olub, bir çiynimdə Azərbaycan bayrağı, bir çiynimdə Türkiyə bayrağı ilə stadionu bir dövrə vurmaqdı. Bu, böyük şərəf olacaq. 
– Zədədən söhbət düşmüşkən, hazırda vəziyyətiniz necədi?
– Hazırda özümü normal hiss edirəm. Komandanın növbəti məşqinə qatılacam. Onlarla birlikdə hazırılaşacam. Dəqiq bilmirəm ki, necə olacaq? Amma həkimlər buna icazə verib. Çalışacam ki, hər şey yaxşı olsun. Növbəti turlarda oynaya bilim. 
– 2 barmağınızda problem yaranmışdı?
– 2 baramğım çıxmışdı, birində də çat əmələ gəlmişdi. Çox təhlükəli vəziyyət idi. Amma bu vəziyyətdən yaxşı qurtara bildim. Hazırda isə məşqlərə qatılmaq gücündəyəm. 
– Sizin hazırda Bakıda olduğunu haqqında xəbərlər var?
– Bəli, Bakıdayam. Lakin xəbərlərdə yazıldığı kimi icazə alıb, gəlməmişəm. Bütün komandaya 2 günlük istirahət verilib. Mən də fürsətdən istifadə edib, vətənimə gəlmişəm. Hazırda da Bakıdayam. 
– Gəlişinizin səbəbi sadəcə istirahətdi?
– Yox. Mən hazırda ikinci ali təhsilimi alıram. Bakı Dövlət Universitetinin (hüquq fakültəsi) 4-cü kurs tələbəsiyəm.  Bakıda da dövlət imtahanımı verəcəm. Ona görə gəlmişəm. Hazırda imtahanlarımı verib, Türkiyəyə geri dönəcəm. 
– Keçək milli komandaya. Qarşıdakı ayda 2 oyunumuz var. İyunun 7-də yoldaşlıq görüşündə Serbiya millisi ilə, 12-də Norveçlə üz-üzə gələcəyik…
– İlk növbədə onu deyim ki, milliyə çağırılıb-çağırılmayacağımı bilmirəm. Çünki hər şey baş məşqçinin qərarlından asıldı. O bizi dəvət edəcəksə, gəlib, canla-başla oynayacağıq. Çağırılmayacamsa, yenə də yığma üzvlərinə uğur arzu etməkdən başqa çarəm yoxdu. Inaniram ki, bu oyunlardan yaxşı nəticə ilə dönəcəyik. Futbolda mümkün olmayan şey yoxdu. Biz Norveçə 3 xal üçün gedəcəyik. Məsələn, ötən il dünya çempionatında Almaniya Braziliyanı 7:1 hesabı ilə məğlub etdi. İndi biz də Norveçdən xalla dönmək istəyəcəyik. Təbii ki, özümüzə güvənirik. Allah qismət etsə, ordan xalla qayıtmaq istəyirik.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp