“Xəzər Lənkəran”ın gənc hücumçusu Ağabala Ramazanovun futbolinfo.az saytına müsahibəsi:
– Növbəti – 33-cü turda lider “Qarabağ”la qarşılaşcaqsınız. Bu çətin oyuna hazırlıq necə gedir?
– Hamı dərk edir ki, necə komandaya qarşı oynayacağıq. Doğma arenada liderlə qarşılaşacağıq. Bu matça yaxşı hazırlaşmışıq. Düzdü, fərqli şəkildə yox, həmişə necə məşq edirdiksə, elə də məşq etmişik. 
– “Qəbələ” lideri doğma arenada büdrətdi. “Xəzər Lənkəran”da bunu bacaracaqmı?
– Hər şey mümkündü. Çıxıb öz oyunumuzu ortaya qoyub, rəqibdən xal almaq istəyirik. Buna nail olub-olmayacağımızı zaman göstərəcək.
– Ötən turdakı “Bakı” ilə matçda uduzdunuz (1:2).  Bu məğlubiyyətin səbəbi nə idi? Əslində qarşılaşmanın favoriti siz sayılırdınız…
– Çünki həmin matçın ilk hissəsində həddən artıq zəif təsir bağışladıq. Rəqib 2 fürsət yaxaldı və qapımıza iki qol vurdu. Həmin qollar da qarşılaşmanın taleyini həll etdi. Biz ikinci yarıda toparlandıq. Amma bunun nəticəyə təsiri olmadı. 
– “Bakı”da vəziyyət lap ağır olduğundan, ola bilərmi ki, komanda yoldaşlarız meydana arxayın çıxdılar?
-Yox, deməzdim ki, biz rəqibə yuxarıdan aşağı baxdıq. Bu yanlış fikir olar. Rəqib yaxşı oyun göstərdi. “Bakı”nı təbrik etmək lazımdı. Həmin günü bu komanda bizdən üstün doluğu üçün 3 xalı aktivinə yazdırdı. Burada başqa səbəb axtarmaq düzgün deyil.
– Mümkündü ki, komandanızda motivasiya çatmır? Çünki qələbə, heç-heçə və ya məğlubiyyət sizin üçün nəyisə dəyişməyəcək…
– Yox, heç bir oyunu yola vermirik. Biz meydana çıxıb, futbol oynamaq niyyətindəyik. Sadəcə, bəzi matçlara köklənmək çətindi. Elə “Bakı” ilə matça da motivasiya ola bilmədik. Məhz həmin oyuna köklənə bilməməyimiz məğlubiyyətə gətirib çıxardı. 
– Milli komandamızın da üzvü kimi, son 1 ildə Azərbaycan futbolunda baş verənlərə necə münasibət bildirərdiz?
– Hazırda vəziyyət çox pisdi. Açıq-aşkar görünür ki, ölkə çempionatının səviyyəsi çox aşağı düşüb. Təəssüf ki, futbolçuların əlindən bir şey gəlmir. Bunun səbəbi hamımıza məlumdu. İnanıram ki, bu vəziyyət dəyişəcək, hər şey düzələcək. 
– Bu sualı vermək də məqsədim o idi ki, sizin də çıxış etdiyiniz “Xəzər Lənkəran” klubu da bu proseslərdən kənarda qalmadı…
– Ümid edirəm ki, vəziyyət indiki kimi qalmayacaq. 
– Bir neçə gün öncə başqa klublardan təklif aldığınız haqqında məlumatlar yayıldı. “Xəzər Lənkəran”ı tərk etməyi düşünmürsüz?
– Başqa komandalardan indi də təkliflər var. Amma heç bir klubla danışıq aparmamışam. Qarşıda 4 oyunumuz var. Hələ ki, “Xəzər Lənkəran”ın növbəti oyunlarını düşünürəm.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp