Sabah Topaz Premyer Liqasında 33-cü tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmalardan 3-ü mayın 7-i, 1-i isə 8-də baş tutacaq. “Araz-Naxçıvan” çempionatı yarımçıq tərk etdiyi üçün bu dəfə istirahət etmək növbəsi “Simurq”dadı. 
Turun əyalətdə keçiriləcək yeganə qarşılaşmasında “Xəzər Lənkəran” “Qarabağ”ı qəbul edəcək. Cənubluların evdə yaxşı təsir bağışlamağına baxmayaraq, “atlılar”ı bu matçın favoriti saymaq olar. Sona 3 oyun qalsa da, ağdamlılar bu tur çempionluqlarını rəsmiləşdirə bilərlər. Belə ki, Qurban Qurbanovun yetirmələri qalib gələrsə, “İnter” isə “Neftçi” ilə qarşılaşmada xal itirərsə, o zaman  Ağdam təmsilçisi ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə çempionluğunu rəsmiləşdirəcək. Komandalar arasında cari mövsümdə keçirilən hər 3 qarşılaşmada ağdamlılar qalib gəlib. Ümumilikdə isə indiyədək rəqiblər arasında keçirilən 31 görüşün 12 “ağ-yaşıllar” 15-də isə “atlılar” meydanı 3 xalla tərk edib. Cəmi 4 görüşdə isə bərabərlik qeydə alınıb. Topların fərqində isə Lənkəran təmsilçisi üstündü – 36:35.
Bu oyunla eyni vaxtda start götürəcək digər qarşılaşmada isə “Sumqayıt” “Qəbələ”ni qonaq edəcək. Son 4 matçda məğlub olmayan “kimyaçılar”ın bu dəfə işi daha çətin olacaq. Belə ki, onların rəqibi 9 oyundu ki, heç kimə uduzmayan bir komandadı. Ona görə də bu görüşdə Aqil Məmmədovun yetirmələrinin əsas məqsədi məğlub olmamaqdı. “Qırmızı-qaralar”ın da bu matçda büdrəməyə haqqı yoxdu. Çünki “İnter”lə oyunda “Neftçi” xal itirərsə, əyalət təmsilçisi 3-cü pilləni özəlləşdirə bilər. Davam edən mövsümdə tərəflər arasında keçirilən 3 oyunda qəbələlilər bu rəqibindən 7 xal almağa müvəffəq olub. Bu qarşılaşma komandalar arasında keçiriləcək 12-ci matç olacaq. Sumqayıtlılar bu oyunların 1-də qalib gəlib, digərində rəqibi ilə "sülh bağlayıb"sa, qalan 9 oyunda da “qırmızı-qaralar” meydanı üstün tərəf kimi tərk edib. Elə topların fərqində də qəbələlilər rəqibini 25:8 hesabı ilə üstələyir. 
Günün son qarşılaşmasında isə “İnter”paytaxt derbisində “Neftçi”ni qonaq edəcək. Bu görüşdə “bankirlər”i matçın favoriti saymaq olar. Nikolas Kanales, Karlos Kardoso, Flavinyo kimi aparıcı futbolçularının yoxluğunda “ağ-qaralar”ın meydanı qələbə ilə tərk etməsi senssasiya sayılar. Bundan əlavə, Kaxaber Sxadadzenin yetirmələri bu qarşılaşmada məğlub olmasa, ən azı gümüş medalı təmin edəcəklər. Flaqman isə 3-cü pilləni əldən verməmək üçün bu qarşılaşmadan qələbə ilə ayrılmağa borcludu. Zaqatalada “Simurq”u məğlub edəndən sonra 4 oyundu ki, rəqibələrini üstələyə bilməyən flaqman bu uğursuz seriyaya da son qoymağa çalışacaq. Ölkə çempionatı çərçivəsində son 6 oyuda həmşəhərlisindən xal ala bilməyən “ağ-qaralar” bu rəqibini 2013-cü ildən məğlub edə bilmir. “Bankirlər” cari mövsümdə bu rəqibi ilə baş tutan 3 görüşün 2-də qalib gəlib, 1-də isə heç-heçəyə razı olublar. Matç bakılıların bir-birinə qarşı keçirəcəyi 43-cü qarşılaşma olacaq. Bu oyunların 10-da “bankirlər”, 19-da isə flaqman meydanı 3 xalla tərk edib. Digər 13 oyunda isə tərəflər meydandan 1 xalla ayrılıblar. Topların fərqində də "ağ-qaralar"ın 61:40 hesablı üstünlüyü mövcuddu. 
Tura ayın 9-da keçiriləcək yeganə matçla yekun vurulacaq. “Bakı” doğma divarlar arasında AZAL-ı sınağa çəkəcək. Bu oyunda hər 2 komandanın şanslarını bərabər dəyərlənirdmək olar. “Zolqalılar” qış fasiləsindən sonra ötən tur ilk qələbələrini qazanıb və komandada əhval-ruhiyyənin yüksək olacağını zənn etmək olar. “Təyyarəçilər”də isə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, şüvəlanlılar martın 18-dən bəri keçirdiyi 5 oyunun heç birində 3 xala sevinə bilməyib. Paytaxt komandaları arasında cari mövsümdə baş tutan 3 görüşün 2-də Tərlan Əhmədovun yetirmələri, 1-də isə “Bakı” komandası qalib gəlib. Rəqiblər bu matçadək 25 dəfə üzləşiblər. Tərəflər hərəyə 10 qələbə qazanıb. 5 oyunda bərabərlik qeydə alınıb. Topların fərqində isə şüvəlanlıların minimal üstülüyü mövcuddu – 24:23.
 
Topaz Premyer Liqası
33-cü tur
 
8 may (cümə)
18:00. “Xəzər Lənkəran” – “Qarabağ”
 Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov 
AFFA nümayəndəsi: Nüvər Xasıyev 
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Xəzər Lənkəran" mərkəzi stadionu 
18:00. “Sumqayıt” – “Qəbələ”
 Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
 AFFA nümayəndəsi: Vaqif Davudov 
Hakim-inspektor: Əli Hüseynov
 "Kapital Bank Arena" 
20:00. “İnter” – “Neftçi”
 Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Hakim-inspektor: Məlik Həsənov 
“İnter Arena”
 9 may (şənbə) 
17:00. “Bakı” – AZAL
 Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev
 AFFA nümayəndəsi: Oqtay Abdullayev
 Hakim-inspektor: Rövşən Əhmədov
 “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp