Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.
Şuranın sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər. Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi”nin baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.
Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.
Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi"nin əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb. Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.
(Klub saytı)