Ötən gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl oyundan sonra bu sözləri deyib:  “Oyundan öncə həyəcanlı idik. Hesabda 2:0 öndə olandan sonra bir qol buraxdıq. Bu bizim həyəcanımızı çoxaltdı. Fikrimcə, əla oyun oldu. Qurban Qurbanov başda olmaqla bütün komandamızı təbrik edirəm”.
O, qələbəni belə şərh edib: “Bu oyuna yaxşı hazırlaşmışdıq. 1993-cü ildə biz kubokunu Ağasəlim Mircavadovun rəhbərliyi ilə qazanmışıq. Eyni uğuru Qurban Qurbanovla – azərbaycanlı məşqçi ilə təkrarladıq. Bununla qürur duyuram. Motivasiyamız yüksək idi. Bundan sonra Çempionlar Liqasına hazırlaşacağıq. Komandadakı dəyişikliklərə isə Qurban Qurbanov cavabdehdi”.
Shares: