“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Futbolinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda yay fasiləsində Qazaxıstanda təşkil olunan yarışda qüvvəsini sınayacaq. Bu gün Almatı şəhərinə yollanan “qırmızı-qaralar” 4 komandanın qatıldığı dairəvi sistemli yarışın mükafatları uğrunda mübarizə aparacaq.
Sabah məşq edib, ilk tura hazırlaşacaq Qəbələ təmsilçisi iyunun 5-də turnirin açılış oyununda meydana çıxacaq. Həmin gün saat 10:00-da başlayacaq matçda əyalət təmsilçisi yerli “Kayrat”la üz-üzə gələcək. Ertəsi gün futbolçularımız ikinci sınağa çıxacaq. Bu dəfə rəqib Almatı klublarının yığma komandası olacaq. Qarşılaşma saat 12:15-də start götürəcək. Ertəsi gün futbolçulara istirahət verən təşkilatçılar onların məşqi ilə yanaşı, şəhərə ekskursiyasını da planlaşdırıb. İyunun 8-də isə turnirin son oyunları keçiriləcək. “Qəbələ” saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək. İyunun 9-da digər iştirakçılar kimi istirahət edəcək “qırmızı-qaralar” ertəsi gün vətənə dönəcək.
Qəbələlilər Almatı şəhərindəki turnirə 18 futbolçu ilə yollanıblar. Bunlar Sərxan Osmanov, Elməddin Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Faiq Hacıyev, Kamran Quliyev, Osman Soltanov, Vüsal Ələkbərli, İlkin Abdullayev, Məhəmməd Abbaslı, Nəbi Məmmədov, Əli Məzahirli, Əli Sadıqov, Rüstəm Nuriyev, Tunar Mütəllimov, Nurlan Cəfərov, Cavidan Qasımlı, Tural Əjdərlidi.
Qeyd edək ki, “Qəbələ” ötən ay başa çatan U-16 Liqasında 2-ci yeri tutub.