Paris. "Sevgililər şəhəri"nə ayaq basanlar adətən bunu təyyarə vasitəsi ilə həyata keçirirlər. Təyyarə enişə gedərkən isə, ilk eşitdikləri tanınmış ad Şarl de Qolldu. Çünki bələdçi-xanım sərnişinlərə təyyarənin Şarl de Qoll aeroportuna enməsi müjdəsini verir. Bunu "Neftçi"nin müşahidə şurasının sədri Çingiz Abdullayev yaxşı bilir. Axı onun "Dronqo"su Avropanın müxtəlif ölkələrinə səfərlər edib. Çingiz müəllimin müşahidəsi altında…
Con Kennedi adına Nyü-York aeroportu. Çingiz müəllimin müşahidəsi ilə "Dronqo" okeanın a tayına da uçub…
Çingiz Abdullayevin əsəsrlərinin birində hadisələr Moskvada, futbol stadionunda baş verir. Yenə də "Dronqo", yenə də Çingiz müəllimin müşahidəsi ilə. Yəni dünya şöhrətli yazıçı dünya praktikasında stadionların tanınmış futbol xadimlərinin adlarını daşımasından bixəbər deyil. Bixəbərdisə, bəzilərini sadalayaq: İqor Netto, Valeri Lobanovski, Mixail Mesxi… Onlar dövrlərinin dahisi olublar. Onlar xalqlarını sevindirməyi bacarıblar. Onlar adlarının əbədiləşməsinə layiq görülüblər…
Bəli, Çingiz müəllim, Siz bunu bilirsiniz. Yəqin ki, respublika adına SSRİ dövrünün yeganə bürünc medalının uzaq 1966-cı ildə qazanıldığından da bixəbər deyilsiniz. Hərçənd, bilməsəniz də, ətrafınızdakı yoldaşlar bu barədə sizə danışmağa borcludurlar. Hə, az qala unutmuşdum, Çingiz müəllim. 1966-cı ildə bürünc medal qazanan komandanın adı "Neftçi" idi. Özü də rəhbəri olduğunuz klubla adaş yox, elə həmin "ağ-qaralar". Odessada xristian adət-ənənələri ilə dəfn olunan Əhməd Ələsgərov isə – hansının ki, hüzürünü müşahidə etmək üçün Səməd Qurbanovu yollamışdınız – həmin 66-cı ildə hazırda rəhbəri olduğunuz klubun baş məşqçisi idi…
Valeri Lobanovski vəfat etdikdən 3 gün sonra Kiyevdəki "Respublika" stadionu onun adını daşımağa başladı. Ələsgərovun dünyasını dəyişməsindən 15 gün ötüb, tük tərpədən də yoxdu. Lobanovski SSRİ-nin və Ukraynanın əməkdar məşqçisi idi, Ələsgərov Azərbaycan, Moldova, Ukrayna və Tacikistanın. Lobanovskinin əlinin altında, hərbi dillə desək, zirehli texnika – tank, BTR, BMP olubsa, Ələsgərov ən yaxşı halda avtomatlarla döyüşüb. Valeri Lobanovski Ukrayna futbolunun Maestrosudursa, Əhməd Ələsgərov Azərbaycanın. 
Əhməd Ələsgərovun xatirəsini stadiona ad verilməsi məsələsini çoxdan gündəmə gətirmək və bu günədək həll etmək lazım idi, əziz Çingiz müəllim. Axı PR məsələsində yeniliklər etmək istəyən klub bunu biləməyə borcludu! Qərəz, geciksəniz də, hələ gec deyil. Amma qulaqardına vursanız, tarix bunu sizə bağışlamayacaq.
Ələsgərovun xatirəsini əbədiləşdirmək üçün daha bir vacib məsələ müzakirəyə çıxarılmalıdı. Mütləq və mütləq Əhməd müəllimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilməlidi. İştirakçıları da deyək ki, əziyyər çəkməyəsiniz: "Neftçi", "Çernomorets", "Pamir", "Nistru". Nəyə görə məhz bu komandalar? PR məsələləri ilə məşğul olan əməkdaşlarınızdan soruşsanız, mütləq biləcəklər. Buna biz inanırıq, Siz də inanın, Çingiz müəllim (o başqa məsələ ki, bunu biz təklif paketi kimi yox, "Neftçi"nin təşəbbüsü kimi informasiya şəklində qələmə almalı idik).
Əlbəttə, Bakıda yaşadığı küçənin Ələsgərovun adını daşıması təşəbbüsünü də irəli sürmək gərəkdi, həmin evin qarşısına xatirə lövhəsi vurulmasını da. İş budu, cənab Abdullayev! Ətrafınızda toplaşan insanlar çətin ki, bu yazını Sizə göstərələr. Çünki bu, onların səriştəsizliyini üzə çıxaracaq. Olsun, qoy lap öz təşəbbüsləri kimi sizə çatdırsınlar, təki iş görün, işə sürücü götürmək barədə danışmayın.
Son abzası AFFA-ya həsr etmək istəyirəm. Əhməd Ələsgərovun rəhbərliyi altında millimiz ilk rəsmi oyununu keçirib. Əhməd Ələsgərov Luiş Fiqulu, Ruy Koştalı, Vitor Bayalı Portuqaliyaya qarşı "pirojki yeyən" futbolçular çıxarıb və 3 hissə davam edən görüşdə 1:1-lik heç-heçəyə imza atıb. Özü də Berti Foqts üslubunda 10-0-0 taktiki sxemi ilə yox, kişi kimi futbol oynayaraq. Əhməd Ələsgərov Azərbaycan yığmasına rəsmi oyunlarda ilk böyükhesablı qələbəni qazandıran məşqçi olub – Lixtenşteyni 4:0 məğlub etmişik. İndi Malta ilə 2:0-ı bayram edirsiniz. Yəni, yaxanızı kənara çəkib, bu məsələdə yalnız "Neftçi"nin məsuliyyət daşıdığını düşünməyin. Ələsgərovun xatirə turnirinin keçirilməsində "Neftçi"yə kömək etmək birbaşa sizin borcunuzdu! Deməyin ki, çox ağır məsələdi. Necə oldu ki, Azərbaycan Şahmat Federasiyası (AŞF) Vüqar Həşimovun xatirə turnirinə Maqnus Karlssen, Vişvanatan Anand, Vladimir Kramnik, Aleksandr Qrişşuk, Fabiano Karauna kimi dünya nəhənglərini Şəmkirə gətirməyə nail oldu? Deməli, işləyəndə, nələrsə etmək mümkündü. Bacarmırsınızsa, AŞF-yə müraciət edin, yolunu öyrətsinlər. Bunu etməyə borclusunuz. Çünki yeniyetmə futbolçular veteranlarımıza qiymət vermədiyinizə şahidlik edəcəklərsə, ayaqlarını, başlarını vətən uğrunda qurban verməyə hazır olmayacaqlar.
AĞA
Shares: