Ölkə kubokunun final matçında “Qarabağ”la “Neftçi” üz-üzə gəldi, birincilər yotula sahib çıxdı. Sonuncu dəfə 1996-cı ildə bu titul uğrunda finalda qarşılaşan əzəli rəqiblərin duelindən bakılılar 3:0 hesabı ilə qalib ayrılmışdısa, bu dəfə ağdamlılar güzəşt etmədi.
Matçdan bir gün öncə Peşəkar Futbol Liqasının təşəbbüsü ilə yenə 96-cı ilə qayıtdıq, nostaji anlar yaşadıq. Həmin finalda qarşılaşan futbolçular bu dəfə Qəbələdə üz-üzə gəldi. O futbolçular ki, aclıq, pulsuzluq dövründə çıxış etmələrinə baxmayaraq, əlindən və ayağından gələni etmiş, ölkə futbolunun inkişafına xidmət göstərmişdilər.
Düzdü, hamısı olmasa da, onlardan bəziləri bu əziyyətin qarşılığını indi görür. Vaxtı ilə komandasının uğurları üçün tər tökən futbolçulardan bu sahədən ayrılanlar da var, indi bir yerdə çalışanlar da, bir-birinə rəqib olan da, işsiz qalan da…
Bu yazıda həmin qarşılaşmada “Qarabağ” və “Neftçi” nin heyətində çıxış edən veteran futbolçuların indi harada çalışması barədə məlumat verəcəyik. Düzdü, onlardan bir neçəsinin, yəni, üzdə olanların iş yeri sizə məlumdu. Ancaq üzdə olmayan veteran futbolçularımız haqda da məlumat vermək borcumuzdu.
“Qarabağ”
Veteranların matçında “Qarabağ”ın qapısını qoruyan Cəmaləddin Əliyev hazırda “İnter”in əsas komandasında qapıçılarla üzrə məşqçi kimi çalışır. Maraq üçün bildirək ki, 55 yaşlı mütəxəssisin futbolçu karyerasında son klubu Ağdam təmsilçisi olub. Elşad Əhmədov isə sonuncu dəfə “Neftçi”nin əvəzedici komandasında baş məşqçi, Səttar Əliyev də onun köməkçisi kimi çalışıb. Lakin Samir Əliyevin “ağ-qaralar”ın əvəzedicilərinin “sükanı arxasına” keçməsi onların klubdan göndərilməsi ilə nəticələnib.
Təbriz Həsənov uzun müddətdi aşağı yaş qrupu üzrə millidə çalışır. O, hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisidi. Vadar Nuriyev isə hazırda vaxtı ilə bir yerdə oynamış Tərlan Əhmədovun AZAL-dakı köməkçisidi.
Emin Salmanov uşaq futbolçularla işləyir. Veteran futbolçu “Neftçi”nin U-10 komandasına rəhbərlik edir. Əvvəl olduğu kimi, indi də Müşfiq və Yaşar Hüseynov qardaşları “Qarabağ”ın uğruları üçün çalışır. Müşfiq bəy əsas komandada Qurban Qurbanovun köməkçisi, qardaşı isə əvəzedicilərin baş məşqçisidi. Nazim Əliyev kimi, Elmir Xankişiyev də hazırda “Neftçi”dədi. Adıçəkilən hər iki çalışdırıcılar “ağ-qaralar”ın əsas komandasında Arif Əsədovun köməkçiləridi. Daha doğrusu, idilər. Çunki ötən gün onlar istefaya göndərildi.
Digər veteran futbolçu Elşad Xudadatov “Qarabağ”da çalışır. O, ağdamlıların U-11 komandasına rəhbərlik edir. Kənan Kərimov AZAL-ın U-15 komandasını çalışdırırsa. Mehman Alışanov həbsdən çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkir. Sonuncu iş yeri “Simurq”un U-19 komandası olmuş Mahir Əliyev də bekardı. Bundan başqa Zaur Qarayev də işsizliyi dərd edən veteranlarımızdandı.
“Neftçi”
Veteranlarla qarşılaşmada “Neftçi”nin qapısını qoruyan Elxan Həsənov hazırda “Qarabağ”ın əsas komandasında qolkiperlər üzrə çalışır. Arif Əsədov isə əks cəbhədə – “Neftçi”nin baş məşqçisidi. Mehman Yunusov “Qəbələ”nin U-15 komandasında baş məşqçi, Mais Əzimov isə AZAL-da Tərlan Əhmədovun köməkçisidi. Vidadi Rzayev “Kəpəz”də, Yunis Hüseynov “Xəzər Lənkəran”da idman direktoru vəzifəsində çalışır. Rasim Abuşov Rusiyada, İlham Məmmədov isə Almaniyada məskunlaşdığı üçün futbol sahəsindən kənarda çalışır.
Veteranlarla matçda “Neftçi”ni kapitan kimi meydana çıxaran Yaşar Vahabzadə hazırda U-21-in baş məşqçi postundadı. Samir Ələkbərov Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində ingiltərəli mütəxəssis Mick Bennettin köməkçisi vəzifəsində çalışır və tezliklə Vahabzadənin köməkçisi olacaq.
İlham Yadullayev da “Sumqayıt”ın əsas komandasına Aqil Məmmədovun köməkçisidi. Əli Abuşov “Qəbələ”də seleksiya qrupunun üzvüdü. Digər veteran futbolçu Xaqani Məmmədov da Abuşov kimi “Qəbələ”nin Futbol Akademiyasında çalışır. O, “qırmızı-qaralar”ın U-14 komandasına rəhbərlik edir.
Aydın Ələkbərov son vaxtlara qədər “Bakı”nın Futbol Akademiyasında çalışırdı. Fizuli Məmmədov “Rəvan”ın U-19 komandasının baş məşqçisidi və onun yetirmələri ölkəmizi bu il Çempionlar Liqasında təmsil edəcək.
Bəxtiyar Musayev “Neftçi”də seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərirdi. Amma dünən əsas komandanın məğlubiyyətindən sonra o da Əsədovla birgə istefaya göndərildi.
EMİN SƏFƏROV