Dünən "Qarabağ" 22 illik həsrətinə son qoydu. Ağdam təmsilçisi "qızıl dubl" etməklə azarkeşlərinə əsl bayram bəxş etdi. Gözlənilən, layiqli, peşəkarlara xas qələbə…
Ona görə peşəkarlara xas ki, mövsümü minor notda bitirən rəqibindən fərqli olaraq, "Qarabağ" başa vurduğumuz mövsümdə Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə yanaşı, ölkə çempionu titulunu da qazanmışdı. Başqa sözlə, Qurban Qurbanovun yetirmələri bu finaldan məğlub ayrılsaydılar, ciddi tənqidə məruz qalmayacaqdılar. Ancaq məğlub olmaq haqları yox idi. Ona görə ki, qarşılarına çıxan rəqib tükənmiş təqaüdçülərdən ibarət toplumu xatırladırdı. Məhz toplumu. Nə xətlərarası əlaqə var idi, nə qapıçı soyuqqanlığı, nə düşünülmüş kombinasiya. Yalnız bir şey aşkar sezilirdi: futbolçular "qalacam" və "gedəcəm" arasında var-gər edirdilər.
Peşəkarlıqdan danışarkən Muarem Muarem faktorunu qabartmaya bilmərik. Makedoniya yığmasının yarımmüdafiəçisi "Qarabağ"dan ayrılacağını bilirdi. Qurban Qurbanov da bunu bilirdi. Gedən futbolçunun adətən "çemodan əhval-ruhiyyəsi"ndə olması Azərbaycan üçün yad hiss deyil. Ancaq baş məşqçi yetirməsinə etibar etdi. Muarem də bunun qarşılığını artıqlaması ilə verdi. Dəfələrlə komanda yoldaşlarına möhtəşəm ötürmələr də etdi, bir neçə dəfə fərqlənməyə yaxın da oldu, nəhayət, matçda son nöqtəni də qoydu. Bu, Muaremin "Qarabağ"ın formasında vurduğu son qol oldu. Heç şübhəsiz ki, makedoniyalının ən önəmli qolu xeyli əvvəl vurulmuşdu. Unutmayaq həmin qolu: "Tvente"yə qarşı səfər qarşılaşmasında vurduğu bərabərlik qolu, Azərbaycan çempionunu Avropa Liqasının qrup mərhələsinə çıxardı.
Oyunun qəhrəmanına gəlincə, heç şübhəsiz ki, bu, Reynaldo idi. Braziliyalı qoleador mövsümün son oyununda sərgilədiyi "samba"yla Azərbaycan futboluna mesaj göndərdi: "Ən yaxşı mənəm"! Vurduğu gözəl qollar bir yana, topla rəqs etdiyi epizodu göz önünə gətirəndə "Neftçi"nin gününə acımamaq olmur. Aqil Məmmədovun buraxdığı 3-cü qol "Neftçi"nin qapı xəttindəki ciddi problemlərindən xəbər verir. Elvin Bədəlovun ən yaxşı halda "Kəpəz" və ya "Zirə"yə yararlı olduğu, müasir futboldan çox uzaq olması daha bir ciddi axsamadı. Meydanın mərkəzində kimlərin oynadığını söyləmək üçün isə böyük cəsarət tələb olunur. Yalnız "nominal" ifadəsini əlavə edib, mərkəz yarımmüdafiəçilərinin adlarını çəkmək olar. Cinahda Araz Abdullayev ara-sıra nələrsə etməklə sağ-salamat olduğunu hiss etdirirdi. Kanales? Bu futbolçuya ayrıca bir yazı həsr etmək olar. Ancaq hələlik "dünənki oyunda çililinin faydalı iş əmsalı aşağı idi" deməklə kifayətlənək.
Bütün komponentlərdə rəqibini üstələyən "Qarabağ" hətta fərq minimuma enəndə belə, rəqibinin illüziyalara qapılmasına imkan vermədi. Nforun vurduğu təsadüfi qoldan cəmi 8 dəqiqə sonra "Qarabağ" staus-kvonu bərpa etdi. Yəni, komandalar arasındakı səviyyə fərqi yenidən bərqərar oldu.
"Qoy layiq olan qalib gəlsin", deyiblər. Ölkə Kubokunu başı üzərinə qaldırmağa layiq bir komanda var idi – "Qarabağ".
AĞA