"Neftçi" bu il olduğu kimi, ötən mövsümdə də Premyer Liqanı 4-cü pillədə tamamlamış, ölkə kubokunun finalına vəsiqə qazanmışdı. Hələ o zaman klubun prezidenti olan Sadıq Sadıqov titulsuz qalacağı halda kreslosunu təhvil verəcəyini anlamış, məsələyə dərhal müdaxilə etmişdi.
Sabiq prezident "Qəbələ" ilə final matçına hazırlıqlar zamanı futbolçuları motivasiya etmək üçün məşqlərə qatılır, oyun öncəsi maaşları verir, onlara bu yolla dəstək olurdu. Nəticədə Böyükağa Hacıyevin komandası ardıcıl ikinci mövsümdə ölkə kubokunu başı üzərinə qaldırdı. Bu da Sadıqovun postunda qalma müddətini bir qədər təmin etmiş oldu. Ta ki, Müşahidə Şurası yaradılanadək.
Əslində, Sadıqovun "Neftçi"dəki fəaliyyətinin uzun sürməyəcəyini bilirdik və bunu oxucularımıza da çatdırmışdıq. Çünki Elnur Məmmədovun kluba vitse-prezident təyin olunması çox şeydən xəbər verirdi. Sadıq bəy üçün artıq həyəcan təbili çalınmış, flaqmanda iki cəbhə yaranmışdı. Klub prezidentinin yan-yörəsidə qoluzorlular olsa da, arxası güclü olan Məmmədov soyuq savaşdan qalib ayrıldı. Yəni, ağıl gücü üstələdi. Boş yerə deməyiblər ki, arxalı köpək qurd basar…
Beləcə, “Neftçi”ni işğal etmə planı başladıldı. Hamı təəccüb içərisində qaldı – yeni yaradılan Müşahidə Şurasına yazıçı Çingiz Abdullayev təyin edildi. Sual yarandı: yazıçı hara, futbol hara? Çingiz müəllim bu suala aydınlıq gətirərkən bundan sonra “Neftçi”nin dava-dalaşdan, söz-söhbətdən uzaq qalacağına, “ağ-qaralar”ın nümunəvi komanda olacağına söz verdi. Sadıq Sadıqovun özü də Müşahidə Şurasında yer aldı. Daha sonra "cəbhə"də təkbaşına, "silahsız" qaldığını anladı, artıq "qələminin qırıldığını" dərk edib, getdi.
Sadıqovla yanaşı, “Neftçi”dən süpürgəçidən tutmuş, mühafizə xidmətində çalışanlar da göndərildi. Yalnız, Sadıqovun vaxtında rəhbərlikdə təmsil olunan idman direktoru Mübariz Xudiyev komandada saxlanıldı ki, onun da hansı yolla “yuxarılar”a yararlandığı sual doğuran məqamdı.
Komandanın baş məşqçisi Arif Əsədov da “Neftçi”də qaldı. Çünki yeni rəhbərlik qatarın çoxdan getdiyini anlamış, məşqçilik postunda hər hansı bir dəyişikliyin vacib olmadığını qəbul etmişdi. Onsuz da, yeni gələn məşqçi möcüzə edə bilməyəcəkdi. Nəzərə alaq ki, “ağ-qaralar” çempionluq yarışından çoxdan əlini üzmüş, gözünü yalnız ölkə kubokunu qazanmağa dikmişdi. Ancaq bunun üçün heyət də yetərli deyildi. Bu azmış kimi, Müşahidə Şurasının qərarı ilə Sadıqovun vaxtında komandaya cəlb olunan Rauf Əliyev, “Neftçi”nin öz yetirməsi olun Mirhüseyn Seyidov və Elvin Yunuszadə də komandadan qovuldu. “Ağ-qaralar” Elvin Bədəlovun, Emin Mehdiyevin, Elşən Abdullayevin, Rəhman Hacıyevin, Əziz Quliyevin, tapıntı kimi qeyd olunan Rahil Məmmədovun, zədəli Flavinyonun, Məqsəd İsayevin ümidinə qaldı.
Nə günlərə qaldın, “Neftçi”? Beləliklə, “Neftçi” mövsümü son 7 turda qələbə qazanmadan başa vurdu, ümid ölkə kubokunun finalına qaldı. Finalda isə “Neftçi”ni acımasız, son vaxtlarda bakılıların qəniminə çevrilən, bu komandanı açıq-aşkar üstələyən, stabil oyun sərgiləyən və nəhayət, ardıcıl ikinci mövsümdə də ölkə çempionu olan “Qarabağ” gözləyirdi. Onsuz da, Ağdam klubu açıq-aşkar fovarit idi və gözlənilən kimi də oldu. “Atlılar” ölkə kubokunu flaqmana aman vermədən qazandı. Flaqman təsəlli qolunu isə rəqib qapıçı İbrahim Şehiçin kobud səhvindən sonra vura bildi.
Qəbələdə baş tutan qarşılaşmada Reynaldonun topu çiləyərək daşıması, rəqib müdafiəçiləri çaş-baş salması isə söyüşdən betər idi. Ay səni, xətəkar… “Qarabağ”lı futbolçuların meydanda topu bir-birinə ötürərək, vaxt öldürməsi də rəqibin gücsüzlüyündən xəbər verirdi. Hesabda geridə olan komanda hücuma atılmır, qol vurmaq üçün cəhd göstərmirdi. Qurban Qurbanovun yetirmələri “oyun başa çatsaydı, kuboku götürüb gedərik” düşüncəsində idi. Bir sözlə, “Neftçi” finala layiq oyun sərgiləmədi.
Deyəsən, bu gedişlə “ağ-qaralar” “xalq komandası” statusunu da itirəcək. 4 mövsüm sonra titulsuz qalan "ağ-qaralar"ın Müşahidə Şurası qarşılaşmadan sonra Bakıya qayıdarkən İsmayıllıdakı çayxanaların birində təcili iclas keçirdib. Qərara alınıb ki, Arif Əsədov və onun köməkçiləri komandadan getsin. Bununla da problemin həll olunacağını düşünən MŞ-nın üzvləri komandanı müvəqqəti olaraq əvəzedicilərin baş məşqçisi Samir Əliyevə tapşırıb.
Komandadan göndərildiyini “Neftçi”nin avtobusunda eşidən Əsədov onsuz da, gec-tez flaqmandan göndəriləcəkdi. Çünki bakılıların rəhbərliyi komandanın uğur qazanması, mövsümü titulla başa vurması üçün hər hansı bir cəhd göstərmədi. Müşahidə Şurası sponsordan bazaya cehiz almaq əvəzinə, futbolçuların 3 aydı yığılıb qalan maaşlarının verilməsini tələb etsəydi, durum fərqli ola bilərdi. Demirik ki, bakılılar kuboku qazanacaqdı. Yox, sadəcə, finalda rəqabətli oyuna şahidlik edərdik. Belə çıxır ki, bu durum yeni rəhbərliyin ürəyincə olub. Uğursuzluqların komandanı yarıda təhvil alan Müşahidə Şurasının yox, Sadıq Sadıqovun adına yazıldığının düşüncəsindədilər. Əsədovu da Sadıqov gətirmişdi axı.
Əsədovun gedişi ilə Müşahidə Şurasının “işğal planı” başa çatdı. Yeni gələcək məşqçi ilə Elnur Məmmədov öz imperatorluğunu rəsmən elan edəcək. Yolda olan çalışdırının isə rus dilli olub-olmadığını hələ bilmirik. Qorxuram ki, sabah Müşahidə Şurası işçilərlə yanaşı, rus dilli azarkeşlərə də üstünlük versin – “Только Нефтчи! Только Победа!” deyənlərə…
EMİN SƏFƏROV