Növbəti mövsüm üçün çalışmalarını davam etdirәn "Xәzәr Lәnkәran"ın birinci diviziona yuvarlanan Bakıdan Mahir Mәdәtovu transfer etmәk istәdiyini xəbər vermişdik. Deyilənə görə, cәnub klubu Mədətova rәsmi tәklif göndәrib. Hazırda tәrәflәr arasında danışıqların davam etdiyi bildirilir. 
Məsələ ilə bağlı Mahirlə əlaqə saxladıq. Onun məsələyə reaksiyası belə oldu: "Klubdan mənə təklif gəlməyib. Şifahi də olsa, heç bir telefon söhbəti də olmayıb. Bir sözlə, mənimlə heç bir danışıq olmayıb. Ola bilsin ki, "Xәzәr Lәnkәran" transferimlə bağlı "Bakı" ilə danışıqlar aparır. Görək, necə olacaq. İnşallah, yaxşı olar. Şəxsən mənə Lənkəranda yaşamaq, orda çıxış etmək və qalmaq problem olmaz. Çünki futbol varsa, mənim üçün məkanın elə də fərqi yoxdu. Əgər Lansda yaşamağı bacarmışamsa, deməli Lənkəranda da yaşamağı bacararam. Yeri gəlmişkən, digər yerli klublardan təklif lər var. Lakin indi ad çəkmək və bu haqda danışmaq istəmirəm. Rəsmi olaraq yerli klublarımızdan təklif var. Amma xaricdən hələ rəsmi heç nə yoxdu. Mənə dostlarım deyirlər ki, əvvəl-axır "Qarabağ"da top qovacaqsan. Lakin onu Allah bilər. Xeyirlisi nədisə, o da olsun".
17 yaşlı yarımmüdafiəçi "Bakı"dakı durumundan da danışdı: "İnanırsız, futbolçulara neçə günlük istirahət verilməsi ilə bağlı heç nədən xəbərim yoxdu. Bir söz də demirlər ki, komanda üzvləri nə vaxt bir araya gəlməlidi. Hazırda hamı evdədi, yəni istirahətdədilər. Sadəcə, onu deyim ki, bundan sonra İbrahim Uzunca nə qədər ki, "Bakı"nın baş məşqçisi olacaq, mən orda oynamayacam. Yəni Uzunca olan yerdə mən olmaq istəmirəm. Türk məşqçi başa çatan çempionatın 33-cü turunda AZAL-la oyunda qırmızı vərəqə aldığıma görə məni əvəzedici komandaya göndərmişdi. Halbuki komanda yoldaşım Vüqar Bəybalayev də "qırmızı" ilə cəzalandırılmışdı, amma göndərilmədi. Çalışdırıcı niyə belə edir? Bəlkə də, çoxları düşünə bilər ki, Mahir Mədətov cavan oyunçudu, bu yaşda bu nə sözlərdi deyir. Ancaq fikrimcə, futbol yaşa baxmır. Sizə belə bir sual verim. Sizcə, son mövsümdə "Bakı"nın əsas heyətində kim güclüdüsə, o da oynadı?"
Mədətovdan "Bakı"nın üzvlərinin əsas yığmada niyə görünməməsinin səbəbini də soruşduq: "Baxın, "Xəzər Lənkəran"a ona görə simpatiyam var ki, kənardan gələnlərə üstünlük vermir. Klub ancaq yerli gənclərə şans tanıyır. Son turlarda da bunun şahidi olduq. Bunun da nəticəsində Prosineçki qardaşım Elnur Cəfərovu əsas milliyə çağırdı.  Bəs xorvat baş məşqçi "Bakı"dan kimə dəvət göndərib? Heç kimə… "Bakı"dan həmişə mənlə Təyyar Məmmədov U-19-a çağırılmışıq.  U-19-un aparıcı üzvləri  olmuşuq. U-21-ə adətən Azad Kərimov gedib. Əsas millidə isə "Bakı"dan heç kim yoxdu. Özünüz düşünün, bu kimin səhvidi. İnanaq ki, bundan sonra "Bakı"lıların da əsas milliyə yolu açılar. Klubun əvvəlki günlərə geri qayıdacağına ümidliyəm".
TAHİR MƏMMƏDOV
Shares: