Bu gün baş tutan AFFA Klublar Komitəsinin iclasından sonra "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov qəbul edilmiş qərarlara münasibət bildirib. Futbolinfo.az saytının suallarını cavablandıran komitə sədri iclasda müzakirə olunan məsələlərlə bağlı danışıb:
 
"Bir sıra məsələləri müzakirə etdik. Bəzi məsələlər var ki, onlar hələ də öz həllini tapmayıb. Əsasən 3 məsələ üzərində dayandıq. Bunlardan biri legionerlərin üzvlük haqqı ilə bağlıdı. Gənc legionerlərin, yəni 21 yaşa qədər olan əcnəbilərin üzvlük haqqının 50 faizə qədər endirilməsinin tərəfdarıyıq. Alternativ olaraq legionerlərə görə üzvlük haqqı ödənilməsinin ləğvi tələbi ilə çıxış edə bilərik. Yəni, istərdik ki, legionerlərə yerlilər arasında fərq olmasın. Sadəcə, klublar Peşəkar Futbol Liqasına illik üzvlük haqqı ödəsin. Digər məsələ isə futbolçuların yetişdirilməsinə görə klublara ödəniləcək məbləğlə bağlıdı. O biri məsələ isə "Bakı" klubu tərəfindən irəli sürülüb. Bunu digərləri də dəstəklədi. Hər klubun fikrini dəstəkləyirik. "Bakı"nın irəli sürdüyü təklif 2015-2020-ci illərdə futbolun inkişafı ilə bağlıdı. Əlavə məsələ isə yayımla bağlıdı. Bunu elə etməliyik ki, həm klub, həm də televiziya qazanc əldə edə bilsin. Misal üçün, komandanın sponsorunun məhsulu televiziyada yayım vaxtı reklam oluna bilər. Bu məsələlərlə bağlı AFFA-nın prezidenti və İcraiyyə Komitəsinə məktub unvanlayacağıq".
Nadirov Premyer Liqa klublarındakı maliyyə problemlərinə də toxunub: "Bir çox klubda maliyyə problemi ola bilər. Heç kim bundan sığortalanmayıb. "Bakı" çempionatda çıxışını AFFA-nın dəstəyi ilə başa vurdu. Sevindirici hal odu ki, assosiyasiya klubu mövcud problemlə üz-üzə qoymadı. Lisenziya alan klubların elitada çıxışında hər hansı bir problem ola bilməz. Avropa Liqasında çıxış edəcək klubları də təbrik etdik. Onları dəstəkləyəcəyik".
O, "Xəzər Lənkəran"dakı baş məşqçi təyinatından da söhbət açıb: "Yunis Hüseynov idman direktoru vəzifəsində çalışanda işi az deyildi. Bildiyiniz kimi, mövsümün ikinci yarısında gənclərə şans verdik. Ki, onların hazır olub-olmadığını bilək. Bu məqsədlə Elbrus Məmmədovu dəvət etmişdik. Indi isə komanda Yunis bəyə tapşırıldı. Rəhbərlik də komandanın gücləndirilməsi üçün ona dəstək olacaq. Latın Amerikasında, Afrikada axtarışlarımız davam edir. Bundam sonra futbolçu seçiminə ehtiyatla yanaşmaq lazımdı. Ilk növbədə əlimizdə olan gəncləri dəyərləndirməliyik. Qarşıdakı mövsümdə hədəfimiz çempion olub, avrokuboklara vədiqə qazanmaqdı".
Tuyqun bəy yeni qapıçı axtarışında olduqlarını və Bakı "İnter"indən Səlahət Ağayevlə maraqlandıqlarını bildirib: "Səlahət Ağayevlə maraqlanmışıq. Bunu inkar etmirəm. O, siyahımızda olan 20 futbolçumdan biridi. Səlahətin qardaşı həm də onun meneceridi. Futbolçu ilə görüşümüz olmayıb. Yaxın günlərdə bu görüş baş verəcək. Futbolçu hara gəldiyini bilməlidi. Ən azından bizim klubun adı var. Biri  başqa yerdə 100 manata oynayırsa, bizdə 50 manata çıxış etməlidi. Çünki hədəflərimiz var. İnanırıq ki, Səlahətlə danışıqlarımız müsbət yekunlaşacaq".
Shares: