İnsan həyatı ağ və qara zolaqlardan ibarətdi. Kiminin taleyinə daha çox ağ, kimininsə qara zolaq düşür. Ancaq öz xoşu ilə bu zolaqların hər ikisini seçən az kollektiv tapmaq olar. Ölkəmizdə bu missiyanı üzərinə götürən "Neftçi"di. Son 4 mövsümü titulsuz başa vurmayan ölkənin ən adlı-sanlı klubunun "ağ zolağ"ının qalınlığı bura qədər idi. İndi növbəyə uyğun olaraq, "qara zolağ"ın zamanı yetişib. Nə titul qazanıldı, nə avrokubokda uğur əldə edildi, nə də çempionatın medallarından heç birini boynundan asılmadı. Belə də olmalı idi. Məgər "qara zolaq"da ağ nöqtə olar? 
Qarala-qarala yolunu davam edən "Neftçi" ayaqüstü bir qərar verdi: "Arif Əsədov getsin"! Getdi Əsədov. Bəs gələn ay start götürəcək Avropa Liqası? Bunu fikirləşən oldu? Yəqin ki, oldu. Olubsa, mümkün uğursuzluğa indidən don geyindirən də olub. Plan aydındı: Avroliqada fiaskoya uğradıqdan sonra hər şeyi Əsədovun üstünə atmaq və yeni baş məşqçinin heyəti hələ tam oturuşdurmadığını bildirmək. Ancaq cızılan plan gülüncdü. Başlayaq bənd-bənd…
1. Plan 
"Neftçi" Əsədovun istefaya göndəriləcəyini əvvəlcədən planlaşdırmışdı və kubokun final fiti səslənən kimi, qərarını rəsmi sayt vasitəsi ilə bildirdi. Başqa sözlə, "ağ-qaralar"ın rəhbərliyinə trofeyi qazanmamaq sərf edirdi. Qazansaydılar da, Əsədovu yola salacaqdılar. Ancaq belədə, ictimai qınaq altında qalmalı idilər. 
2. Məsuliyyət
Əsədovu "qurbanlıq" seçdikdən sonra çempionat və kubokdakı uğursuzluqları ört-basdır etmək mümkündü. Bəs qarşıdan gələn avrokubok mövsümü necə? Bunu da Əsədovun ayağına yazacaqlar? Əlbəttə, "Neftçi" rəhbərliyi bunu etməyə çalışacaq. Amma bu, dəvəquşu başını torpağa soxub, gizləndiyini xatırladır. Avrokubokdakı mümkün fiasko birbaşa "Neftçi"nin Müşahidə Şurası və İcraçı Direktorunun üzərinə düşəcək.  
3. Fiasko
"Neftçi"nin heyətinə nəzər salaq. Ki, avrokubok potensialı barədə fikir formalaşdıra bilək. 
Son zamanlar qapını Aqil Məmmədov qoruyurdu. Fiziki göstəricilərinə görə, Belçika futbolunun əfsanəsi Jan Mari Pfafı xatırladan Məmmədov bəlkə, nə vaxtsa həqiqətən parlayacaq. Ancaq hazırkı vəziyyətdə onunla yalnız Biləcəriyədək irəliləmək olar. Saşa Stamenkoviçin isə "qatarı artıq gedib". 
Müdafiə haqqında danışmaq üçün əvvəlcə yerli futbolçulara diqqət yetirək: Məqsəd İsayev, Əziz Quliyev, Elvin Bədəlov. Belə yerdə deyiblər: "Üçü birə dəyməz, biri heçə". Niyə? Uzağa getmirəm, "Qarabağ"ın müdafiə xəttində qərarlaşan azərbaycanlı futbolçuların kimliyini xatırlayın. Populist "biz gələcəyin ulduzlarını yetişdiririk", deməyin isə yeri yoxdu. Çünki yetişdirən "Qarabağ" və "İnter" olub, "Neftçi" isə əsasən bəlağətlə məşğul olur. Əcnəbilərə gəlincə, həqiqətən Denis Silva və Karlos Kardoso pis müdafiəçi deyillər. Ancaq burada da ortaya sual çıxır: bir cüt braziliyalı komandanın bütün arxa xəttini qoruyacaq? Qısası, qapı xəttindəki problemi bir normal əlcək sahibi ilə sığortalamaq şansı varsa, müdafiəyə minimum hələ 4 futbolçu alınmalıdı.
Nisbətən etibarlı görünən yarımmüdafiədə əcnəbilərdən Julius Vobay, Erik Ramos və Kaueni fərqləndirmək olar. Yerli futbolçulara gəlincə, Samir Məsimov və Araz Abdullayev yaxşı formada olanda istənilən rəqibinə başağrısı ola bilirlər. Qalanları? Flavinyonun "halvası çoxdan çalınıb", Emin Mehdiyevin ulduzu parlamamış söndü. Peşəkarlıqdan danışırıqsa, "ağ-qaralar" yarımmüdafiə xəttinə heç olmasa daha 5 sanballı debütant dəvət etməlidi.
Hücumda qərarlaşan Ernest Nfor, yumşaq desək, özünü doğrultmadı. Kamerunlu futbolçuya Avropa Liqasında bel bağlamaq olmaz. Onunku elə ortabab Azərbaycan klublarına qarşı baş girləməkdi. Elşən Abdullayevin potensialı var, ancaq "bişməsi" üçün hələ zamana ehtiyac duyulur ki, qitəmiqyaslı turnirdən "sınaq poliqonu" düzəltmək olmaz. Qalır Nikolas Kanales. Formada yığanda olduqca təhlükəlidi. Bəs zədə? Bəs vərəqə limiti dolanda? Bəli, "Neftçi"nin Ruslan Qurbanovu da var və böyük ehtimalla Xorvatiya "Hayduk"unda özünü göstərə bilməyən forvard yenidən ağ-qara formanı geyinəcək. Ancaq oyun praktikasından korluq çəkmiş hücumçunun avrokuboklaradək ideal forma yığacağı inandırıcı deyil. Deməli, "Neftçi"yə daha 2 forvard lazımdı ki, bu yöndə həm rəqabət yaransın, həm də oynatmağa futbolçu tapılsın.
4. Riyaziyyat
Beləliklə, "Neftçi"nin üzü ağ olması üçün mininmum 12 yeni futbolçu alınmalı, "barıtları tükənmişlər" isə yola salınmalıdı. Amma bu riyazi hesablamanın cari mövsümü titulsuz başa vuran komanda üçün yetərli olacağı anlamına gəlmir. Niyə? Keçək növbəti abzasa, onda niyəsinə də aydınlıq gələcək.
5. Avropa Liqası: "Neftçi" fiaskoya məhkumdu
"Neftçi"nin yeni baş məşqçisi AFFA-nın baş katibi tərəfindən təyin olunacaq. Bundan sonra Müşahidə Şurası toplaşıb, klub saytı üçün bir-iki şəkil çəkdirəcək, ardınca da əl qaldırıb, baş katibin seçimini alqışlayacaq. Kimliyindən asılı olmayaraq, heç bir çalışdırıcı 1 ay kəsiyində KOMANDA formalaşdıra bilməz. Təlim-məşq toplanışı keçməklə KOMANDAnı tam formalaşdırmaq mümkün deyil. Özü də nəzərə aldıqda ki, heyətə yeni 12 futbolçu cəlb ediləcək (bunu etməyə məhkumdurlar), adamın tükləri biz-biz durur. "Neftçi"nin oturuşmuş heyət qurması üçün ən azından qışadək çalxalanma prosesi gedəcək ki, bu müddətədək də iş işdən keçmiş olacaq. Uzağa getməyin, qışda "Qəbələ"yə gətirilən Roman Qriqorçuku xatırlayın. Ukraynalı 3-cü dövrəyə hansı nəticələrlə başladı? Halbuki onun peşəkarlığına şübhə yeri yox idi. Kollektivdən KOMANDA qurmaq üçün zamana ehtiyac var. Özü də bu kəsiyin dəqiq müddəti bilinmir. Ola bilər 3 ay çəksin, ola bilər 1 il. Yəni, "Neftçi"nin cari avrokubok mövsümündə əli ətəyindən uzun qayıdacağı indidən məlumdu.
Çıxış yolu var idi?.. var idi
Bəs nə etmək olardı? Ki, "Neftçi" rəzil günə düşməsin. Ki, Avropa Liqasının qrup mərhələsi barədə heç olmasa, düşünməyə cürəti çatsın. Ki, azarkeşlərini küsdürməsin.
Gün kimi aydındı ki, martda baş kresloya yiyələnən yeni rəhbərlik mövsümün sonunda Əsədovu istefaya göndərəcək. Heç bir tənqiddən qorxmayaraq, baş məşqçini dərhal dəyişmək lazım idi. Əsl peşəkarlıq bu olardı! Yeni çalışdırıcı 2 ay kəsiyində həm futbolçuları yaxından tanıyardı, həm öz oyun fəlsəfəsini onlara aşılayardı, həm yeni transfer planlarını cızardı. Nəticədə, indi "Neftçi" müəyyən bir formaya düşərdi. Yay təlim-məşq toplanışında isə çatışmazlıqları aradan qaldırıb, döyüşkən komanda qurmaq mümkün idi. Ancaq təəssüf ki, etmədilər, başları işə sürücü götürməyə qarışdı. İndi çəkin acısını!
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp