“Qarabağ” və “Neftçi” arasında Qəbələdə baş tutan ölkə kubokunun final matçı təkcə xoş görüntülərlə yadda qalmadı. Ağdamlıların yarımmüdafiəçisi Riçard Almeydanın kuboku qazanmaq sevincini qeyd edərkən belindən asdığı formanın “lazım olmayan yerə gəlməsi” rəqib azarkeşlərin ciddi narazılığına səbəb olub.
Oyundan 2 gün ötsə də, sosial şəbəkələrdə bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Konkret olaraq “Forza Neftçi” fan-klubu braziliaylının üzr istəməsini, bunu etməyəcəyi halda Almeydaya qarşı ciddi təzyiqlər olacağını bildirir. Bunu saytımıza açıqlamasında adıçəkilən azarkeş qrupunun rəhbəri Sübhan Əliyev də təsdiqləyib: “Riçard Almeyda hörmətsizlik edib. Biz də söz veririk ki, üzr istəməsə, söyüşlərlə, bannerlərlə ona layiqincə 5 qat cavab verəcəyik. Formada “Neftçi”nin loqosu, bayrağı var. Fərqi yoxdu, hansı komanda olursa olsun, sən ona hörmətsizlik edə bilməzsən. Buna icazə vermərik ki, kimsə gəlib, Azərbaycanda pul qazanıb, bizə hörmətsizlik edir. “Qarabağ” rəhbərliyindən də xahiş edirik ki, məsələyə biganə qalmasınlar. Formaya görə canını verən oğlanlar olub”.
Məsələ ilə bağlı etiraz hədəfi olunan Riçard Almeydanın da fikrini öyrəndik. Futbolinfo.az saytına danışan yarımmüdafiəçi səhv başa düşüldüyünü qeyd etməklə yanaşı, üzr istəməkdən də çəkinmədi: “Formanı belimə qoymuşdum. Ancaq belimdən sürüşüb. “Neftçi”yə və istənilən komandaya hörmətlə yanaşıram. Bu klubun azarkeşlərinə və orada çıxış edən dostlarıma hörmətim var. Yenə də səhv başa düşüldüyü üçün üzr istəyirəm. Həmin formanı mənə Karlos Kardoso verib. Formanı atama hədiyyə edəcəm”.
“Qarabağ”ın üzvünün üzr istədiyini nəzərə alaraq, yenidən “Forza Neftçi”nin rəhbərini danışdırdıq. Riçardın üzr istədiyini bizdən eşidən Sübhan bəy məsələnin artıq qapandığını bildirdi: “Final matçından öncə “Neftçi”nin işçisi sosial şəbəkədə etdiyi hərəkətə görə sonradan çıxdı, üzr istədi. Peşəkar futbolçu davranışlarına diqqət yetirməlidi. Reynaldoya da “Neftçi”nin forması hədiyyə edilmişdi. Almeydadan fərqli olaraq, o, formanı boynundan asmışdı. Üzr istəyibsə, məsələ bağlandı”.
EMİN SƏFƏROV
 
 
7126424556f5e4326a2b - Futbolinfo.az
9535405556f5e433c5c2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp