Bu gün Klublar Komitəsinin (KK) daha bir iclası keçirilib. Tədbirdən sonra futbolinfo.az-ın suallarını cavablandıran komitənin sədri Tuyqun Nadirov əsasən 3 məsələ ətrafında müzakirələrin getdiyini bildirib. İndi isə növbə bizimdi, bir-bir həmin məsələlərin əhəmiyyətini araşdıraq.
Legionerlərə görə üzvlük haqqının aradan qaldırılmasını və ya 21 yaşadək əcnəbilərə görə 2 dəfə azaldılması. Alternativ olaraq, klubların PFL-ə müəyyən məbləğdə pul köçürmələri.
Məlum məsələdi ki, çempionat və kuboku təşkil edən PFL-in ayaqda dayanması üçün maliyyəyə ehtiyac duyulur. Bu maliyyə qaynaqları da klubların əcnəbi futbolçulara görə ödədikləri rüsum, habelə cərimələrdi. KK sədrinin dediklərinin bir adı var: PFL-in maliyyə dayaqlarını zəiflətmək. Nəticədə, Ramin Musyevin rəhbəri olduğu qurum peşəkar səviyyədə işini qura bilməyəck. Məsələn, son ölkə kubokunun finalındakı kimi. O finalın ki, AFFA-nın baş katibi "iqnor" etmişdi. Bu təklif qəbul olunarsa, PFL-in maliyyə dayaqları zəifləyəcək ki, nəticədə qurum işinin öhdəsindən lazımınca gələ bilməyəcək və bunun məntiqi sonluğu kimi, ona olan tələbata ehtiyac duyulmayacaq.
Teleyayımla bağlı aparılan müzakirələr isə sadəcə, gözdən pərdə asmaqdı. Hansı qərar qəbul olunub? Klublar televiziyaya pul ödəyəcək və əvəzində nəzarətlərində olan biznesin reklam çarxını təqdim edəcəklər. Televiziyada 1 saatlıq müəllif verlişi üçün 4-5 min manat tələb olunur. Yalnız bu pulu ödədikdə baş sponsor və sponsorun reklamını nümayiş etdirmək icazəsi verilir. Nəzərə alaq ki, matç, fasilə ilə birlikdə 2 saata yaxın vaxt tələb edir. Yəni, reklam hüququnu almaq üçün televiziyaya hər oyuna görə aşağısı 8 min manat ödənilməlidi. Başqa sözlə, KK-nın 3 saata yaxın davam edən iclasının mahiyyətinə "bir qoz". Ona görə ki, sadəcə, reklam yerləşdirib, həmin məhsulu tanıtmaq üçün televiziyaya qat-qat aşağı məbləğ ödənilir. Yalnız dəftərxana xatirinə və 3 saat əhəmiyyətsiz müzakirələr aparmaq üçün "Hilton"a yığışmağa ehtiyac yox idi. Hətta bu cür absurd və qəbuledilməz qərara imza atacaqdınızsa, heç olmasa əvvəlcədən telekanallardan nümayəndə dəvət edəydiniz ki, çıxardığınız qərarın əhəmiyyətsizliyini dərhal dərk edib, heç ictimaiyyələşdirməyəsiniz də.  
Nəhayət, 2015-2020-ci illər üzrə futbolun inkişafı məsələsi barədə. KK-nin çıxaracağı qərarın heç bir əhəmiyyəti yoxdu. Söhbət Premyer Liqa iştirakçılarına ayrılacaq başıbəlı 3 milyon manatdan gedir. Ancaq elitada kimin iştirak etməsi yaşıl meydanda yox, Elxan Məmmədovun kabinetində həll olunur: "Neftçala" çempion olur, "Kəpəz" və "Zirə" Premyer Liqaya göndərilir. Bunu hamı bilir və boş yerə vaxt öldürməyinizin heç bir əhəmiyyəti yoxdu. 
İndiyədək KK-nın müzakirə etdiyi hansı məsələ futbolun inkişafına təkan verib? Axtarmayın, xatırlamağa heç nə yoxdu. Olmayacaq da! Onu da bilin ki, bu gün sizin əlinizlə başqasına (PFL-ə) "qəbir qazdırırlarsa" (torba tikirlərsə), sabah başqasının əli ilə sizə də eyni aqibəti yaşadacaqlar.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp