Muarem Muarem – “Qarabağ”la yenicə yollarını ayıran futbolçu. Yəqin ki, bu ad bir çoxlarının xatirində həlledici oyunlarda vurduğu vacib qollarla yadda qalıb. Azərbaycanlı azarkeşlər ilk dəfə Murem adını 2008-ci ildə Çempionlar Liqası çərçivəsində keçirilən “İnter” – “Rabotniçki” matçında eşitmişdi. 
Maraqlıdı, bəlkə də, həmin vaxt onu rəqib oyunçu olduğuna görə fitə basan yerli publika o vaxt düşünə bilməzdi ki, bu futbolçu nə vaxtsa adını xorla qışqıracaqları, dəstək verəcəkləri bir şəxs olacaq. Yaxşı yadımdadı 2013-cü ilin avqustunda Bakıda “Ayntraxt”la (Frankfurt) matçda yaxın məsafədən başla fərlqənə bilməyəndə onun “Qarabağ”a layiq futbolçu olmadığını düşünürdüm. Məndə belə bir fikir formalaşmışdı ki, komandadan getməlidi. Artıq həmin vaxtdan 2 ilə yaxın müddət keçib. O zaman istədiyim, indi isə təəssüflə qeyd etdiyim həmin hadisə nəhayət ki, 2 gün öncə reallaşdı və Muarem “Qarabağ”dan getdi. 
Çox qəribədi, onda sıravi azarkeş olarkən heç ağlıma gəlməzdi ki, makedoniyalının “Qarabağ”dakı son qarşılaşmasında ondan açıqlama alacam. Hücumun sivri ucunda olmamağına baxmayaraq, o, ağdamlıların heyətində bir çox vacib qollara imza atıb. Hansı ki, həmin qollardan sonra nəinki, komandanın tarixində, hətta Azərbaycan futbolunda özünəməxsus yeri etdi. Məsələn, onun “Tvente”yə Hollandiyada vurduğu qol Ağdam təmsilçisini tarixində ilk dəfə avroliqanın qrup mərhələsinə çıxardı. Qrup mərhələsində “Dnepr”lə qarşılaşmada fərqlənməsindən sonra isə ilk və hələ ki, son dəfə bir Azərbaycan klubu avrokubokların qrup mərhələsində qələbə qazana bildi. Futbolçu ümumiyyətlə, “Qarabağ”da oynadığı müddətdə 22 dəfə rəqib qapıçıları məyus edə bilib. 
Bu qolların bəzilərini xüsusi qeyd etmək lazımdı. 2013/14 mövsümündə Premyer Liqa çərçivəsində “Neftçi”yə vurduğu qol “atlılar”ın ölkə çempionatı tarixində vurduğu 900-cü qol oldu. Elə həmin mövsümün sonlarına yaxın “İnter” üzərində qələbə qazanıb, çempionluğu rəsmiləşdirdiyi görüşdə də “Muki” vurduğu qolla həmin matçda qələbəyə öz tövhəsini vermişdi. Bundan əlavə dekabrda “Xəzər Lənkəran”la vacib matçda dubl edərək komandasına vacib qələbə qazandırmışdı. Hansı ki, həmin vaxt ağdamlılar avrokuboklar mübarizəni yenicə başa vurmuşdu. Milan “İnter”i ilə matçdakı haqsızlıqdan heç bir həftə keçməmişdi və komanda psixoloji baxımdan elə də yaxşı durumda deyildi. Amma Muarem həmin matçda səhnəyə çıxmağı bacardı. Başda Reynaldo olmaqla, bir çox futbolçunun zədəli olduğu həmin görüşdə onun dublu komandasının 3:2 hesablı qələbə qazanmasında əsas rol oynadı. O, Azərbaycan karyerasının son qarşılaşmasında da fərqlənərək komandasının kubok qazanmasında rol oynadı və ölkəmizi çempion kimi tərk etdi. 
Xasiyyətcə mülayim insan təsiri bağışlayan Muarem heç vaxt matçlardan sonra jurnalistlərdən qaçmazdı. Hətta məğlub olduqları oyundan sonra belə. Muaremi ilk dəfə yaxından görəndə beynimdə bir maraqlı sual yaranırdı: milyonları sevincinə səbəb olan bu cılız görünüşlü insandımı? Budumu bir hərəkətə “Dnepr”in 2 müdafiəçisini qarşısından silən oğlan? Bəli, o idi. Hansı ki, bu yazını yazdığım müddətdə artıq “Əskişəhərspor”la müqavilə bağladığı xəbərini eşitdim. Həyatda hər bir şeyin sonu olduğu kimi, Muaremin “Qarabağ” karyerası da başa çatdı. Onu indi qarşıda daha çətin günlər gözləyir. İnanıram ki, o, bu ağır işin də öhdəsindən gələcək. Necə ki, ölkəmizə ilk gəldiyi vaxtlarda kölgədə qalsa da, sonradan əzmkarlığını nümayiş etdirib komandanın aparıcı futbolçularından birinə çevrildi. Bizə isə yalnız onun uğurlarına sevinmək qalır.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp