Yeni komanda quruculuğuna başlayan “Neftçi” hazırda ən çox diqqət mərkəzində olan klubdu. Mövsümü titulsuz başa vuran bakılılar indi yenidən toparlanmalıdı.
Amma yeni rəhbərlik avrokubok mövsümünü yaxınlamasına baxmayaraq, planlarını başqa istiqamətdə quracaq. Onlar Avropa Liqasında böyük hədəf seçməkdənsə, gələn mövsüm üçün güclü komanda qurmaq yolunu üstün tutub. Əldə etdfiyimiz bilgiyə görə, hətta mümkün tənqidlər də Müşahidə Şurasının bu siyasətinə təsir etməyəcək.
Avropa Liqasının startına az qalsa da, “Neftçi”nin ləngliyi diqqət çəkir. Amma klub rəhbərliyi tələsik qərar verməkdənsə, ən doğru seçimə çalışır. Hazırda paytaxt təmsilçisinin bir nömrəli işi baş məşqçi tapmaqdı. Arif Əsədovun istefaya göndərilməsindən sonra bir neçə əcnəbi çalışdırıcının adı “Neftçi”ylə yanaşı çəkilsə də, bu variantların heç biri aktual deyil. Komanda ya həqiqətən səviyyəli əcnəbi çalışdırıcıya güvənəcək, ya da yola elə əvəzedici heyətin baş məşqçisi Samir Əliyevlə davam edəcək. Amma sonuncu variant sadəcə, zəif ehtimaldı.
Transferləri baş məşqçinin müəyyənləşməsindən sonraya saxlayan “Neftçi” rəhbərliyi hələlik heyəti təmizləməklə məşğuldu. Çempionatın gedişində Rauf Əliyev, Elvin Yunuszadə və Mirhüseyn Seyidovu yola salan bakılılar yəqin ki, digər yerli oyunçulara toxunmayacaq. Əvəzində heyətdəki əcnəbilərdən müqaviləsi bitənlərin hamısı yola salınıb. Flavinyo, Erik Ramos və Kaue da Silva hələlik düşərgədə saxlanılırsa, Ernest Nfor, Nikolas Kanales, Julius Vobay, Denis Silva, Karlos Kardoso və Saşa Stamenkoviçə yeni müqavilə təklif olunmayıb, heç olunmayacaq da. Qapıçılarla işləyən məşqçi Pavel Doroşev də artıq ölkəmizdəki karyerasını başa vurmalı olacaq.
Təbii ki, bu qədər dəyişiklik “Neftçi”nin Avropa Liqasındakı çıxışına ciddi təsir göstərəcək. Demək olar, komandanın özəyidən imtina olunması acı nəticələr verəcək. Ancaq iş ondadı ki, gedənlərin əksəriyyəti oyun planında ciddi geriləmişdi və onların qalmasının da bir faydası yoxdu. Yalnız Kardosoya görə heyfslənməyə dəyər ki, yəqin ondan imtinaya da son intizamsızlıqları səbəb olub.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp