Hazırda komandası ilə girgə Avstriyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Futbolinfo.az “sarışın”ın millimizlə bağlı həmvətənlərinə söylədiklərini diqqətinizə çatdırır:
– Azərbaycanda sizdən nə gözləyirlər? Norveçlə oyun öncəsi ab-hava necədi?
– Ardıcıl 4 oyunda məğlub olmuş yığmadan nə gözləmək olar ki!? Final mərhələsinə yüksəlmək barədə danışmaq belə gülünc olar. Məqsədimiz Rusiyada keçiriləcək DÇ-2018 və bir neçə oyunun Azərbaycanda təşkil olunacağı AÇ-2020-yə vəsiqə uğrunda mübarizə aparmaqdı. Onlar Avropanın aparıcı ölkələri ilə eyni sıralarda dayanmaq istəyirlər. Əlbəttə, başa düşürlər ki, bu, olduqca müşkül məsələdi. Lakin baxımlı futbol sərgiləməyə çox meyllidirlər. Yaxşı infrastruktura sahibdirlər, pulları var, ölkənin varlı insanları bu idman növünə yatırımlar edirlər.
– Sizcə, qrupda 1-ci yerə kimin şansı daha çoxdu, italyanların, yoxsa Xorvatiyanın?
– Demək olar əminəm ki, Xorvatiya qrup qalibi olacaq. İtaliya da yolunu davam edəcək, amma 2-ci yerlə. Üçüncülük uğrunda Norveç və Bolqarıstan mübarizə apracaqlar. Doğrudu, Malta üzərində qazanılan qələbədən sonra biz də iştaha gəlmişik. Ancaq həqiqətin gözünün içinə baxmaq lazımdı. Çox da zilə çıxmayaq. Hərçənd, əminəm ki, Osloda olduqca baxımlı futbol sərgiləyəcəyik. Demirəm ki, qalib gələcəyik, amma nələrsə edəcəyimizi çox arzulayıram.
– Serbiya ilə yoxlama oyunu bütövlükdə Oslodakı görüşə həsr olunacaq?
– Özümüzdən daha güclü rəqiblə qarşılaşmağı istəyirdim. Açığı, Avropa elitasında Serbiyanın nəzərəçarpacaq uğurlarının olmamasına təəccüblənirəm. Bizim üçün məsul görüş öncəsi olduqca yaxşı sınaqçı-rəqibdi. Hərçənd, bilirəm ki, serblər bizlə oyuna yalnız yüksək əhval-ruhiyyə qazanmaq üçün razılıq veriblər.
– Bakını necə xarakterizə edərdiniz?
– Madriddə bu çeşiddə bahalı avtomobilə rast gəlməmişdim. “Rolls-Roys”, “Bentli”, “Lamborcini”, “Ferrari”… Azərbaycanda yaxşı avtomobilə sahib olmaq çox vacibdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp