Baş məşqçisi Arif Əsədovu istefaya göndərən “Neftçi” ona əvəzləyici tapıb. Amma gözlənilənlərin əksinə, bu post heç də əcnəbiyə tapşırılmayacaq.
Düzdü, hadisələrin fərqli yön alması mümkündü. Hələliksə reallıq odur ki, rəhbərlik bütün səlahiyyətləri əvəzediciləri çalışdıran Samir Əliyevə həvalə edib.
Futbolinfo.az-a klubda çalışan, amma adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, dünən axşam bununla bağlı iclas keçirilib. Mənbəyə inansaq, maliyyə problemləri üzündən rəhbərlik əcnəbi çalışdırıcı, eləcə də səviyyəli legionerlər gətirə bilməyəcəyi üçün yola Əliyevlə davam etmək qərarı alıb. Müqaviləsi bitən əcnəbiləri yola salan “Neftçi” faktiki gənclərin ümidinə qalıb və yerli bazarda da fəal deyil.
Hadisələrin gedişinin belə dəyişməsinə səbəb komandanın himayədarlarının onlardan üz çevirməsidi. Komandada işlərin gedişindən razı qalmayan sponsorlar bəzi kənar qüvvələrin, xüsusilə də AFFA-nın baş katibi Elxan Məmmədovun kluba hədsiz müdaxiləsinə görə belə qərar verib. Elə buna görədi ki, təyinatlardan sonra az qala hər gün müsahibə verən, “fotosessiyalarda iştirak edən” Müşahidə Şurasının üzvləri daha gözə dəymir.
Şuranın sədri Çingiz Abdullayev də bu üzdən bütün işləri icraçı direktor Elnur Məmmədova həvalə edərək, üfüqdən itib. O, 30-40 milyonluq büdcə eşqi ilə gəldiyi “Neftçi”də indi hansısa əcnəbi məşqçiylə danışıq aparmaq üçün maddi təminat tapa bilmir. Bu üzdən Samir bəyə avrokubok mövsünü yola vermək üçün heyət formalaşdırmaq tapşırılıb.
Xəbəri dəqiqləşdirmək üçün “Neftçi” tərəfi ilə əlaqə yaratmağa çalışdıq. Amma klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəni tapmaq mümkün olmadı.
AĞA