“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü – sonuncu oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb.
İlk iki oyunda böyükhesablı qələbələr qazanan (“Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı təmsilçimizə qələbə qazandıran yeganə qola imza atıb. Bu nəticə ilə 3 oyunda maksimum – 9 xal qazanan qəbələlilər turnirin qalibi adına sahib olub.
Turnirdə ən çox – 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.
(Klub saytı)