Samir Əliyev. Onun xarizmasına gənc nəsil bələd olmaya bilər. Ancaq futbolçu kimi hər addımını izləyən bir jurnalist olaraq, qeyd edim ki, Əliyev heç vaxt qorxaq olmayıb. Onun Ukraynaya yollanaraq, faktiki olaraq, digər futbolçularımıza cığıraçanlıq etməsi, "Volın"da bir azərbaycanlı balasının komandanın liderinə çevrilməsi, AFFA-yla baş-başa gəlməkdən qorxmaması, sözü üzə demək bacarığını şəxsən görmüşəm və uzun illər öncə dəfələrlə qələmə də almışam. Yazının girişi sizi yanıltmasın. Çünki son abzasda yazacaqlarımla ilk baxışdan təzad doğura bilər…
Bir saat əvvəl "Neftçi" saytımızın yaydığı informasiyanı təsdiqlədi: "Samir Əliyev komandanın baş məşqçisi təyin olunur". Çox pakizə. Ancaq nəyə görə Əliyev? Bu sualın cavabı acınacaqlıdı. Klubda ciddi parçalanma baş verib. AFFA-nın baş katibi Elxan Məmmədovun "müstəsna xidmətləri" sayəsində dağıdılan "Neftçi"nin sponsoru kluba pul ayırmaqdan imtina edib. Pul yoxdursa, məşqçini hardan tapsınlar? Lap deyək ki, hansısa əcnəbi "Alabala"nı gətirb, otuzdurdular bu kresloya. Bəs futbolçular? Axı "Alabala" özü çıxıb, futbol oynayası deyil. Deyəcək filankəsi alın! Hansı pulla? Çingiz Abdullayevin yeni nəşr olunacaq kitabından əldə olunacaq vəsaitlə? Suallar ritorik xarakter daşıyır. Çünki cavab yoxdu. "Neftçi" müflis olub və bu səbəbdən də Samir Əliyevə tapşırılıb. Qatıq turş olsa da, əvəzedici komandanın baş məşqçisi "turşuyub" deməyəcək. Məsələ bu qədər bəsit və acınacaqlıdı. 
Bir hadisədən yan ötmək olmur. Məşqçilik karyerasına "Neftçi"də başlayan Qurban Qurbanovlu komandada günümüzdə futbolumuzda dolaşan pulların heç yarısı olmadığı bir vaxtda "ağ-qaralar" UEFA Kubokunda Avstriya "Rid"inə iki oyunun nəticəsinə görə uduzdu. Səfərdə 1:3 yenilən "ağ-qaralar"ın heyətində yeganə qolun müəllifi… Samir Əliyev olmuşdu. Bakıda hesabda 2:0 öndə olmasına baxmayaraq, qələbəni qoruya bilməyən "Neftçi" avrokuboklarla vidalaşdı və nəticədə Qurbanov kreslosunu itirdi. 
Bu gün Qurban Qurbanov ölkənin digər məşqçiləri üçün əlçatmaz zirvədi. Samir Əliyev isə karyerasında ilk dəfə baş məşqçi kimi Qurbanovun bu yöndə debüt etdiyi komandanı avrokubok oyunlarına çıxaracaq. Və yenə də eyni sual doğur: kimlər oynayacaq? Əliyev özü oynayacaq? Əvəzedici heyətdən gəncləri başına toplayıb "Avropa qapıları"nı açmağa cəhd edəcək Samirdən hansı uğuru gözləməyə dəyər? Əlbəttə, mümkünsüzdü! Ancaq klub rəhbərliyi bu addımıyla de-fakto, Əliyevin məşqçilik karyerasının üstündən qalın xətt çəkir. Çünki uğursuzluq məhz onun ayağına yazılacaq. Heç kim deməyəcək ki, gənc mütəxəssisi əliyalın tankın üstünə buraxdıq. Tank isə Əliyevin topladığı heyətin üstündən sanki fil qarışqanı tapdalayan kimi sürüb keçəcək. 
Əliyev nə edə bilər? Futbol oynadığı dövrlərdə onun sürətinə hamı həsəd aparırdı. Əlbəttə, çəkisi artıb, ancaq indi yeganə çıxış yolu bir daha qaçmaqdı. Bu iyrənc oyunun qurbanı olmamaq, gələcəkdə məşqçi kimi özünü sübut etmək üçün "Neftçi"dən qaçmaq. Qaç, Samir, qaç! Qaç ki, gələcəkdə məşqçi kimi də özünü sübut edə biləsən. "Neftçi"nin ağır durumunda komandanı ata bilməzdim", deməyin isə faydası yoxdu. Çünki səni "qurbanlıq" seçiblər… öz çirkin oyunlarının qurbanı.
AĞA
Shares: