Azərbaycanda bir neçə "sort"da məşqçilər var. Amma hamısını bir məqam biləşdirir: müqavilə. Anlaşmanın da müxtəlif "sort"ları var: "ağ" (notariusdan keçmiş) və "qara" (hüquqi qüvvəsi olmayan) müqavilə. Araşdırdıqda maraqlı mənzərə yaranır. Keçək mərhələli şəkildə məsələnin məğzinə.
A sortu
Əcnəbi məşqçilər. "Qara", yəni notariusdan keçməmiş müqavilələrə rast gəlmək müşkül məsələdi. Əcnəbi mütəxəssislər hüquqi məsələlərə olduqca həssas yanaşırlar. Bu səbəbdən də müqavilələrinə xitam verildikdə kompensasiya tələb etməkdə çətinlik çəkmirlər. Əlbəttə, Azərbaycan klublarının başında oturanların kompensasiya ödəməklə heç araları yoxdu, ancaq müqavilə olduqdan sonra əcnəbilərə qarşı haqsızlıq etməkdə aciz qalırlar.
B sortu
Xaricdə heç kimə lazım olmayan, əlacsızlıqdan Azərbaycanda çalışan əcnəbilər. Belələri ilə müqavilə imzalanmır. Ölkəmizdə fəaliyyət göstərdikləri zaman Azərbaycana, klub prezidentlərinə sadiqlikdən dəm vurmaq üçün hər açıqlamalarında "sevgi çələngi" paylayırlar. Aldıqları məvacib ciddi bir məbləğ olmur. Ancaq adətən belə klublar tezliklə tarixin yaddaşına köçürlər və həmin məşqçilər əlləri ətəklərindən uzun vətənlərinə dönürlər.  
C sortu
Azərbaycanlı məşqçilər spesifik şərtlər altında çalışırlar. Əmək müqavilələrinə baxsaq, klub operatorundan da aşağı məvacibə çalışmağa razı olan mütəxəssislərə rast gələ bilərik. Klub bosları baş məşqçilərinə bunu vergidən yayınmaq üçün atılan addım kimi qələmə verirlər. Ünlü mütəxəssislərimiz də "konvert"dəki ilə razılaşaraq, işləyirlər. Düşünmədən işləyirlər. Bir gün də klubun sahibi "artıq sənə ehtiyac yoxdu" deyəndə, məşqçi divara dirənmiş vəziyyətə düşür. Niyə? Çünki müqaviləsinin bitməsinə 1, 2 və ya 3 il qalsa belə, səsini çıxara bilmir. Axı qovulan məşqçi rəsmi anlaşmada göstərilən pula söykənərək, kompensasiya tələb etsə, məbləğ olduqca gülünc alınacaq. Əvəzində isə həmin klubun qapısı məşqçinin üzünə ömürlük bağlanacaq. Tərəzinin gözünə qoyduqda aydın olur ki, azərbaycanlı məşqçiyə yerli kluba kompensasiya iddiası irəli sürmək sərf etmir. Buna görə də işdən qovulanda birinin də cıqqırı çıxmır. Lal-dinməz çəkilirlər bir kənara. 
Ən  son kənarlaşdırılan "Neftçi"nin baş məşqçisi Arif Əsədov oldu. Müsahibələrinin birində 2016-cı ilin iyununadək "ağ-qaralar"la müqaviləsinin olduğunu iddia edən Əsədov. Ancaq sonradan məsələ ört-basdır edildi. Arif müəllimi misal kimi göstəririk. Çünki onun sələfləri də, xələfləri də eyni üsulla çalışır və çalışacaq, eyni səhvləri edir və edəcək, eyni aqibəti yaşayır və yaşayacaq.
Həmkarlar İttifaqı – məlhəm!
Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, bu sahədə real boşluğun olması üzə çıxır. Məşqçilərin hüquqlarının qorunması üçün Həmkarlar İttifaqı yaradılmalıdı. Azərbaycan klublarında fəaliyyət göstərmiş və göstərən mütəəxəssislər də həmin ittifaqa üzv olmalı, hər ay üzvlük haqqı köçürməlidirlər. Gələcəkləri naminə bunu etməlidirlər. Həmkarlar İttifaqı onlara bağladıqları müqavilənin mahiyyətini izah etməli, hüquq müstəvisindən yanaşmağı öyrətməlidirlər. Ancaq peşəkar, həqiqətən aldıqları məvacibin əks olunan müqavilənin faydalı olmasını izah etməklə yanaşı, Həmkarlar İttifaqı mütəxəssislərin hüquqları pozulduqda klublardan kompensasiya tələb etməkdə məşqçilərə kömək göstərməlidirlər. Əlbəttə ki, bir vacib şərtlə: bu İttifq AFFA-nın nəzdində olmamalı və tam demokratik və müstəqil fəaliyyət göstərməlidi.
Əlbəttə, adı şirin olan Məşqçilər Komitəsi fəaliyyət göstərməkdədi. Ancaq bu Komitənin "adı" və "dadı" üst-üstə düşmür.
 
AĞA
P.S.: "Bura Azərbaycandı", deyərək vəziyyətin düzəlməyəcəyini iddia edənlərə bildirmək istəyirəm ki, hər bir kəs öz hüququnu qorumaq üçün səy göstərsə, heç bir məmur (klub prezidenti) haqqınızı tapdaya bilməyəcək.
Shares: