AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi başa çatıb. Futbolinfo.az xəbər verir ki, imtahandan 4 məşqçi kəsilib. Bunlar Böyükağa Hacıyev, Etibar İbrahimov, Elşad Quliyev və Bəhmən Həsənovdu.
İbrahimovla Həsənovun problemi ciddi deyil. Onların 6 aydan sonra yenidən imtahan verib kateqoriya almaları mümkündü. Lakin Hacıyevlə Quliyevin belə imkanı olmayacaq. Çünki imtahan götürən UEFA nümayəndələri onlara “tamamilə yararsız diaqnozu” qoyub. Bu məşqçilər bir də növbəti imtahanı gözləməli olacaq.
Digər 3 çalışdırıcının imtahandan keçə bilməməsində qeyri-adi heç nə olmasa da, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa bəyin “2” alması təəccüb doğurur. O, üçqat Azərbaycan çempionu, ölkə kubokunun qalibi, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk məşqçimizdi axı. Üstəlik, onu AFFA Məşqçilər Komitəsində də əyləşdiriblər ki, daha təcrübəsiz həmkarlarının işini qiymətləndirsin, onlara məsləhət versin.
İş burasındadı ki, Hacıyev özü bu məlumatı təkzib edir. Özündən razı danışan təcrübəli mütəxəssis bu xəbərin dezinformasiya olduğunu düşünür: “Bu, medianın növbəti əməllərindən biridi. Bəziləri bu xəbərlə öz saytının reytinqini qaldırmağa çalışır. Boş ver, getsin. Belə bir şey olsa, hamıdan öncə mənim xəbərim olar. Belə də ki, mən qiymət almadımsa, kim ala bilər? Bu, dezinformasiyadı. Rəsmi açıqlama ayın 12-də olacaq. Mən də ondan sonra danışacam”.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu da nəticələrin hələ rəsmən açıqlanmadığını bildirdi. Onun sözlərinə görə, rəsmi nəticələr qarşıdakı günlərdə UEFA tərəfindən bəyan ediləcək. Amma Böyükağa bəy indidən özünə bəraət qazandıracaq aşıqlamaları hazırlasa, yaxşıdı, çünki informasiya dəqiqdi – bunu bir neçə mənbədən dəqiqləşdirmişik. İmtahandan uğurla keçənlərin hamısına nəticələr AFFA-nın texniki direktoru Bernard Lippert tərəfindən çatdırılıb.