Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Kəpəz” bu yöndə hazırlıqlarını davam etdirir. 1-ci divizionda oynayarkən komandanı yalnız 9-cu pilləyə kimi qaldıra bilmiş futbolçular elita üçün yararsız olduğundan baş məşqçi Şahin Diniyev faktiki yeni kollektiv qurmağa məcburdu.
Futbolinfo.az xəbər verir ki, gəncəlilər ilk növbədə yerli futbolçu problemini həll etməyə, komandanın skeletini qurmağa çalışır. Əldə etdiyimiz məlumata görə, hələlik rəsmən yalnız “Qəbələ”dən ayrılan Bəxtiyar Soltanovu heyətinə qatan “Kəpəz” qarşıdakı günlərdə daha 2 futbolçunun keçidini rəsmiləşdirəcək. Bunlar “Qarabağ”da çıxış edən Şəhriyar Əliyev və Tərlan Quliyevdi. Bu iki futbolçuya görə gəncəlilərin baş məşqçisi Şahin Diniyev ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun da razılığını alıb. Adıçəkilən müdafiəçilərin “Kəpəz”ə icarə, yoxsa sərbəst futbolçu kimi gedəcəyi hələlik bəlli deyil.
Yaxınlarda qısa müddət ərzində “Qarabağ”da baxışda olan, lakin bəyənilmədiyi üçün geri göndərilən milliləşdirilmiş futbolçumuz Taşkın İltər də Diniyevə təklif olunub. Şahin bəy də yığmamızın üzvünü sərəncamında görmək istəyirmiş. Sadəcə, İltər son anda Almaniyada qalmağa üstünlük verdiyi üçün məsələ birdəfəlik qapadılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp