Azərbaycan qarşıdan gələn Avrokubok yarışmasına 50 faizlə gedir. Bunun da tən yarısı təcrübəsizliyin qurbanı olmaq təhlükəsi ilə. Qurban demişkən, ümid əsasən elə Qurbana və onun komandasınadı. Çünki digər ayaqda dayanan komandanın Romanı təcrübəli olsa da, yazmağa planlaşdırdığı romanın qəhrəmanları bu səpkidən axsayır.
"Qarabağ" – flaqman
Başlayaq "Qarabağ"dan. Ötən mövsümlə müqayisədə, Ağdam klubu kosmetik dəyişikliklərlə kifayətlənməyib. Vüqar Nadirovun gedişini məhz "kosmetika"ya aid etmək mümkündürsə, Muarem Muaremin komandadan ayrılması ciddi dəyişiklikdi. Elvin Məmmədov və Coşqun Diniyevin bu rotasiyanı kompensasiya edə biləcəklərini indidən söyləmək çətindi. Elə Leroy Corc ətrafında yaranan "gedəcək-qalacaq" məsələsinə də aydınlıq gəlməyib. Gedəcəksə, onu əvəz edə biləcək futbolçu alınmalıdı. Almaqla da iş bitmir. Çünki istənilən oyunçuya adaptasiya üçün zaman tələb olunur və hətta Leroydan da sanballı xavbek alınsa belə, onun avrokuboklarda eyni faydanı verə biləcəyini əminliklə söyləmək olmur. Əvvəlcə təmizləmə işlərinə və yerli bazara göz gəzdirən çempion xaricdən oyunçu alınmasına, həmişə olduğu kimi, daha həssas yanaşır. İndidən söyləmək olar ki, Qurbanov ixtiyarında heç olmasa, daha bir hücumçu və bir müdafiəçi görmək istəyir. Corc gedəcəyi təqdirdə isə əcnəbi vingerə də ehtiyac duyulacaq. Üstəlik Çumbinyo və Dias məsələsi də qaranlıq görünür. Yəni bu futbolçular da ölkəmizi tərk etsələr, çempion daha çox əcnəbi cəlb etməyə məhkum olacaq.
"Qarabağ"ın avrokubok şanslarının yüksək dəyərləndirilməsinin başlıca 2 səbəbi var: beynəlxalq təcrübə və reytinq. Ağdamlıların reytinqinin yüksək olması potensial rəqiblərinin nisbətən zəif düşməsini təmin edir. Üstəlik Çempionlar Liqasında 3-cü təsnifat mərhələsini adlayacağı təqdirdə Qurban Qurbanovun komandası ən azından Avropa Liqasında iştirakı təmin etmiş olacaq. Əlbəttə, Çempionlar Liqasının qrupuna düşməyə can atmaq lazımdı, lakin AL də Azərbaycanın klub reytinqi üçün məqbul variant sayılır.
"Qarabağ" qrup mərhələsi görəcək". Bu iddianı gücləndirən daha bir məqam, Ağdam klubunun ötənilki uğura addıam-addım yaxınlaşmasıdı. Bunadək 3 dəfə pley-off mərhələsinə yüksəlməyi bacaran Qurbanovun drujinası, nəhayət, ötən il "şeytanın qıçını qırdı". Başqa sözlə, qitəmiqyaslı turnirlərdə böyük təcrübəyə malik "Qarabağ", türklər demiş, "avantaj" sahibidirlər. Qalır bütün yuxarıda sadaladığımız kağız üzərindəki faktorları meydançaya köçürmək Bu da bilavasitə Qurban Qurbanovun üzərinə düşür.
"Qəbələ"nin ən böyük problemi – təcrübəsizlik
İkinci şanslı komandamız "Qəbələ"di. Həmin "Qəbələ" ki, qış fasiləsindən sonra baş tutan 4 oyundan 3-də məğlub olaraq, avrokubok şanslarını minimuma endirmişdi. Lakin Roman Qriqorçukun inadkarlığı yekunda bölgə təmsilçisinə ardıcıl olaraq 2-ci dəfə bürünc medal və Avroliqa vəsiqəsini təmin etdi.
"Qəbələ"nin əsas üstünlüyü maliyyə dayaqlarının möhkəm və sabit olmasıdı. Roman Qriqorçukun qış fasiləsindən sonra "Qarabağ"a "əlcək atmaq" bacarığı "Qəbələ"nin avrokuboklarda da uğurlu nəticəyə imza atmaq gücündən xəbər verir. Doğrudu, ukraynalı mütəxəssis mövsüm başa çatdıqdan sonra Viktor Mendi kimi "silah"ından məhrum oldu. Digər hücumçu Ruslan Fominin də komandadan ayrılmasından sonra "Qəbələ"də "vuran ayaq" problemi qabarıq şəkildə özünü büruzə verir. Lakin komandada hökm sürən sükut tezliklə bu boşluğun aradan qaldırılacağına işarədi. Yerli bazarda olduqca fəal görünən komandanın tezliklə əcnəbiləri də sıralarına qatması qaçılmazdı. Çünki avrokuboklara bir ay vaxt qalıb ki, ukraynalı mütəxəssis də heyətə yeni cəlb edilənləri ümumi ansambla qoşulmaları və adaptasiya olmaları üçün bundan çox gözləyə bilməz.
"Qəbələ"nin ən böyük problemi qitəmiqyaslı yarışlarda təcrübəsiz olmasıdı. Bax bu amil komandanın psixoloji cəhətdən Avropa Liqasına hazır olmasına ciddi əngəl törədə bilər. Qriqorçuk bu təzyiqi futbolçularının üzərindən götürməyi bacarsa və püşk bir qədər "Qəbələ"nin üzünə gülsə, hətta təmsilçimizin qrup mərhələsinədək irəliləməsinin şahidi ola bilərik.
"Turistlər"
Təəssüf ki, bununla da nikbinliyimiz sona yetir. "İnter"in nə günə qalması barədə ətraflı yazmağa ehtiyac görmürük. Hələ çempionat başa çatmamışdan əvvəl hər kəs "bankirlər"in "bank hesabı"nın "sıfırlanması"ndan xəbərdar idi. Təəssüf ki, bu bədbin siyahıda "Neftçi" "İnter"i yalqız buraxmadı. Komandaya biganə qalan klubun yeni rəhbərliyi indi əvəzedicilərin və müqavilə ilə bağlı olduqları əcnəbilərin ümidinə qalıb. Maliyyə sarıdan ciddi problemlər yaşayan klubun avrokubokda hansısa uğurlu nəticəyə imza atmasını düşünmək belə absurddu. Başqa sözlə, "Neftçi" də "İnter" kimi Avropa Liqasının "turist" iştirakçısı olacaq.
AĞA